"Nəriman Axundzadə bundan istifadə edə bilmədi" - Samir Əliyev
"Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub".
Mediasport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev deyib.
Mütəxəssis AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində Ukrayna yığması ilə Bakıda keçirilmiş matç haqqında fikirlərini bölüşüb.
O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".
S.Əliyev komandanı İngiltərə məğlubiyyətindən (1:5) sonra bu matça hazırlamağın çətin olduğunu vurğulayıb:
"Həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu. Oyuna gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu. Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".
Qeyd edək ki, komandamız F qrupunda 6 oyundan 5 məğlubiyyət, 1 qələbə ilə sonuncu pillədə qərarlaşıb.