Milliyə çağırılmayan azərbaycanlı: "Ola bilər ki, daha üst liqaya gedişim hətta qışda alınsın"

 Milliyə çağırılmayan azərbaycanlı: "Ola bilər ki, daha üst liqaya gedişim hətta qışda alınsın"

"Milli komanda mövzusunda danışmaq istəmirəm. Fikrimi klubuma, gələcək karyerama yönəltmişəm".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Albaniyanın "Eqnatia" klubunda çıxış edən Vüsal İsgəndərli deyib.

Canni De Byazinin açıqladığı millimizin heyətinə dəvət almayan 28 yaşlı futbolçu yeni klubuna uyğunlaşdığını, özünü rahat hiss etdiyini deyib:

"Artıq 2 aydır buradayam, hər şey qaydasındadır. Həm rəsmi, həm də yoxlama oyunlarında özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Komandam üçün bacardığımı edirəm. Albaniyaya böyük ümidlərlə gəlmişəm. İstəyirəm ki, buradan daha üstün liqaya gedim. Bilirsiz, Albaniya çempionatı diqqət mərkəzindədir, izləyirlər. Əlimdən gələni edib hədəflərimə çatmağa çalışacam".

İsgəndərli "Eqnatia" ilə müqavilə bağlamazdan əvvəl Türkiyənin bir neçə klubundan rəsmi təklif aldığını bildirib: "Türkiyədə bir azərbaycanlı, Azərbaycanda da bir türkiyəli futbolçu yerli statusu ilə oynaya bilər. Ona görə Türkiyədən bir neçə klubdan konkret təkliflərim var idi. Lakin artıq "Eqnatia"ya söz vermişdim, razılaşmışdıq. Seçimimi dəyişsəydim, yaxşı çıxmazdı. Albaniyaya gəldiyimə heç peşman deyiləm, "Eqnatia" çox yaxşı komandadır. Əminəm ki, burada indiki kimi davam eləsəm, istədiyim yerlərə gedəcəm. Ola bilər ki, daha üst liqaya gedişim hətta qışda alınsın. Özümə inanıram".