Bu klubun ev stadionuna qadağa qoyuldu, BOS-da oynayacaqlar
Azərbaycan I və II Liqalarında yeni mövsümün startına sayılı günlər qaldığından yarışlara cavabdeh Peşəkar Futbol Liqası (PFL) komandaların hazırlığını yoxlayır, rəhbərləri ilə görüşərək ev stadionlarına yerində baxış keçirir, infrastrukturla ciddi maraqlanır və çatışmazlıqlarla bağlı tövsiyələrini verir.
Mediasport.az saytına verilən məlumata görə, ciddi infrastruktur poblemlərindən biri 1-ci Liqada yarışacaq "Qaradağ-Lökbatan" klubundadır.
İllərdir Azərbaycan çempionatında çıxış edən Qaradağ təmsilçisinin ev stadionunun vəziyyəti heç də ürəkaçan deyil.
Arenada olan çatışmazlıqlar vaxtında həll edilmədiyi üçün yarışa məsul təşkilat kluba qarşı sərt tədbir görüb.
"Qaradağ-Lökbatan" ev oyunlarını keçirdiyi Lökbatan qəsəbə stadionundan məhrum edilib. Məcburiyyət qarşısında qalan klub müvəqqəti olaraq Bakı Olimpiya Stadionunun ehtiyat meydançasını icarəyə götürüb və PFL-ə tezliklə Lökbatan stadionundakı çatışmazlıqları aradan qaldıracaqlarına dair vəd verib.