PFL Türkiyə şirkəti ilə müqavilə bağladı, səfir gəldi
Peşəkar Futbol Liqası və “Buta Global Enerji-Tekstil” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. MediaSport.az xəbər verir ki, müqaviləni “Buta Global Enerji-Tekstil” şirkətinin prezidenti Məsud Dəmirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar.
Tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Xüsusi qonaq qismində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı qatılıb. Bildirilib ki, “Buta Global Enerji-Tekstil” şirkəti 22 ildir ki, fəaliyyət göstərir. Bakıda tekstil və telekommunikasiya sahəsində ən etibarlı şirkətlərdən biri kimi tanınıb. Təməli İstanbulda qoyulan şirkət hal-hazırda həm də İtaliyanın telekommunikasiya sahəsində nəhənglərindən olan “Prismian” şirkətinin Azərbaycan təmsilçisidir. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı çıxışında bu anlaşmanın qardaş ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib:
“Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbirsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.
Mərasimdə çıxış edən Mesut Demirtaş “Buta Global Enerji-Tekstil” şirkətinin hər zaman Azərbaycan biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib:
“Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib.