"Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir" - Kevin Medina
"Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Kevin Medina deyib.
Kolumbiyalı futbolçu UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah qarşılaşacaqları "Bayer"lə səfər matçı haqqında fikirlərini bölüşüb.
30 yaşlı cənubi amerikalı deyib ki, görüşə çox yaxşı hazırlaşıblar: "Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm, bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram".
"Bayer" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da başlanacaq.