Əliyar Ağayevə BÖYÜK ETİMAD: AÇ-nin açılış qarşılaşmasını idarə edəcək
Futbol üzrə U-21 Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlər arasında azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də olacağını diqqətinizə çatdırmışdıq.
MediaSport.az saytına daxil olan məlumata görə, UEFA həmyerlilərimizə ciddi etimad göstərib.
Belə ki, 36 yaşlı referi və yan xətt hakimlərimiz qitə birninciliyinin açılış matçı çərçivəsində iyunun 21-də Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda keçiriləcək Belçika - Niderland qarşılaşmasında iş başında olacaqlar. Zeynal Zeynalovla Akif Əmirəli Ağayevə yan xətt hakimi kimi kömək edəcəklər. 4-cü hakim funksiyası sloveniyalı Rade Obrenoviçə tapşırılıb.
Gürcüstan və Rumıniyanın birlikdə təşkil edəcəyi AÇ-nin finalı iyulun 8-də oynanılacaq. Yarışa iki ölkənin ümumilikdə 5 şəhəri 8 stadionla ev sahibliyi edəcək: Buxarest, Kluj-Napoka (Rumıniya) - Tbilisi, Batumi, Poti (Gürcüstan).