"Kəpəz" adından "Qarabağ" rəhbərliyinə, Qurban Qurbanova təşəkkür edirəm" - MƏMMƏDOV
"Allah Şəhriyar Rəhimova rəhmət etsin. Ailəsinə başsağlığı verirəm. Oyuna gəldikdə, "Qarabağ" Azərbaycanın bir nömrəli komandasıdır".
Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ" səfərində qazanılan 1 xal barədə danışıb.
"Qarabağ" Azərbaycanı Avropada möhtəşəm təmsil edir, buna gör "Kəpəz" adından "Qarabağ" rəhbərliyinə, Qurban Qurbanova təşəkkür etmək istəyirəm. Onlar bizi Avropada tanıdırlar. Matçın favoriti "Qarabağ" idi. Gözlənilirdi ki, qalib gəlsinlər. Amma futboldur, futbol getdikcə bərabərləşir. Futbolçularımın bu gün möhtəşəm oyununu xüsusi qeyd etməliyəm. Oyun intizamından çıxmadılar, nə tapşırıq vermişdiksə, yerinə yetirdilər. Bəzi çatışmazlıqlar olurdu. Oyunu əks-hücumlarda qurmuşduq. Bunlardan birində qolumuzu vurduq. Gəncədən bura gəlib, bizi tək qoymayan azarkeşlərimizə tə təşəkkür etmək istəyirəm. Düşünürdüm ki, "Qarabağ"la matçda uğurlu nəticə olsa, azarkeşlərimiz üçün daha çox sevindirici olacaq. Məncə, bunu edə bildik".
1 xalı "Kəpəz" üçün qələbəyə bərabər nəticə saymaq olar? Özü də ciddi itkilərlə meydana çıxdığınız görüşdə bunu etdiniz.
- Futbolçularımızın mübariz olmasını xüsusi qeyd edərdim. Onlar kollektiv şəkildə çalışırlar, meydanda mübarizə aparırlar. Rəqiblərdən "klass" olaraq geri qalırıq. Biz heç kimə asan təslim olmuruq. "Qarabağ"la matçda bir, "Neftçi"yə qarşı görüşdə üç xal qazanmışıq. Əsas rəqiblərimiz var ki, fikirləşirdik onlardan xal götürək. "Qarabağ" və "Neftçi" ilə matçlarda qazandığımız xallar gözlənilməz idi. Bunlar mövsümün sonunda komandamız üçün faydalı xallar olacaq.
Rüfət Əhmədovu dəyişəndə məğlubiyyətlə barışmışdız?
- Xeyr, barışmamışdıq. Bizdə futbolçu qıtlığı var, rotasiyalar edə bilmirik. Rüfətlə rəqabət üçün Vüsal Məsimovu transfer etmişik. Qarşıda bizi "Araz-Naxçıvan"la görüş gözləyir. Rüfət sarı vərəqə ilə cəzalandırılmışdı. Qorxdum ki, ikincini alar və "Araz-Naxçıvan"la oyunu buraxar. Bu futbolçu bizə həmin oyunda lazımdır. Dəyişikliyi ona görə etdim.