"Qələbədən başqa nəticə düşünmürük - Millimizin baş məşqçisi

"Qələbədən başqa nəticə düşünmürük - Millimizin baş məşqçisi

"Oyunçularla söhbət etmişəm, qələbədən başqa nəticə haqqında düşünmürük".

MediaSport.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis Afinada Yunanıstan yığmasına qarşı keçirəcəkləri Dünya çempionatının əsas seçmə mərhələ oyunundan əvvəl qarşıdakı görüş barədə fikirlərini bölüşüb. Alesio komanda daxilində ab-havanın yaxşı olduğunu deyib:

"Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Görüşün olacağı arenada ilk məsqimizi keçirdik. Oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq".

Baş məşqçinin sözlərinə görə, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: "Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Amma Fineo de Arauxo bu dəfə bizə kömək edə bilməyəcək, onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı. Bu dəfə qərara gəldik ki, risk etməsin”.

Görüş bu axşam, Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.