"Hiss edirəm ki, Qurban müəllim uzun illər "Qarabağ"da olacaq" - Əmrah Çəlikəllə geniş MÜSAHİBƏ

"Hiss edirəm ki, Qurban müəllim uzun illər "Qarabağ"da olacaq" - Əmrah Çəlikəllə geniş MÜSAHİBƏ

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Mediasport.az saytına müsahibə verib.


"Qarabağ" 30 ildən sonra Qarabağa qayıtdı və tarixi torpağımızda təsadüfdən və ya ilahi ədalətdən məhz "hərbçilər"lə - MOİK-lə qarşılaşdız. Bu barədə nə deyə bilərsiz?

- Əlbəttə, bu, böyük qürur idi. Orada keçirilən matçın təşkilatı işlərinin içində olmaq hər birimiz üçün böyük şərəf idi. Biz Qarabağda, Xankəndidə əsrarəngiz duyğular yaşadıq. Rəqibin MOİK olması isə tamamilə şans işi oldu. Həmin oyunla bağlı təşkilatı işləri Gənclər və İdman Nazirliyinin, birbaşa Fərid Qayıbovun dəstəyi ilə həyata keçirildi. Biz də üzərimizə düşən işləri gördük. Orada olmaq bizim üçün böyük məna kəsb edirdi. Çox da gözəl oyun oldu. Xankəndidə oynadığımız üçün xoşbəxtik.

Fantastik avrokubok mövsümünün ardından, rəsmi olmasa da, artıq Azərbaycan Premyer Liqası sizin üçün vaxtından əvvəl - növbəti çempionluqla başa çatıb. Ümumi fikirləriniz maraqlıdır.

- Hələlik ölkə kubokunda mübarizəmiz davam edir. Həmin turnir də bizim üçün önəmlidir. Oradayıqsa, deməli, axıra qədər döyüşəcəyik. Yarımfinalın ilk oyununda "Neftçi"ni böyük hesabla məğlub etməyimizə baxmayaraq, gəlin, tələsməyək. Ümumi nəticəni gördükdən sonra bu haqda fikir bildirmək məqsədəuyğun olar.

Ölkə çempionluğunu 2 ay öncədən təmin etməyə gəlincə...Bunu Anar bəylə müzakirə edirdik (Mətbuat xidmətinin rəhbəri Anar Hacıyevi nəzərdə tutur-red.), Azərbaycanda, dünyada bizdən öncə belə bir nəticə olmayıb. Mövsümü belə gözəl nəticə ilə başa vurmaq sevindirici haldır. Lakin həmişə demişik, gözəl nəticələr həmin gün üçün sevindiricidir. Ertəsi gün üçünsə böyük məsuliyyətdir. Ən azı onu qoruyub saxlamalısan və daha yuxarı pillələrə aparmalısan. Tələblər həmişə artır. Bu il Avropa Liqasında qət etdiyimiz yol qürurvericidir. Buna görə başda Qurban müəllim olmaqla, komandaya təşəkkür edirəm və minnətdarlığımı bildirirəm! 

"Qarabağ"ın Avropa Liqasındakı çıxışını, xüsusilə "Braqa" və "Bayer"lə unudulmaz oyunları necə xarakterizə edə bilərsiz?

- "Braqa"nı möcüzəvi şəkildə məğlub etdik. Həm də turu 1 nəfər azlıqda oynayaraq keçdik. "Bayer"lə matçda isə..."Bayer"in məğlubiyyətsizlik seriyasına son qoymaq üzrəydik. Hakim sağ olsun. Həqiqətən də, bu, bəhanə deyil. Hadisələr hər kəsin gözü önündə oldu. Futboldan bir az anlayışı olanlar, ən azı ofsaydın nə demək olduğunu bilənlər orada hakimin köməyi olduğunu görə bilərdi. Məncə, onların öz azarkeşləri də etiraf edərlər ki, bizi hakimin bilərək və ya bilməyərək böyük köməyi ilə uddular. İnsan fikirləşəndə ki, biz bir gün Avropanın ən yaxşı komandasına uduzduğumuz üçün məyus olacağıq...Bu, bir xəyal idi. Doğrudan da bizim üçün uzaq hədəf idi. Şükürlər olsun, indi bunları yaşayırıq. Qeyd etdiyim kimi, bunlar bizim məsuliyyətimiz daha da artırır. Bizdən olan gözləntilərin fərqindəyik. Hər mövsüm daha da yaxşısına nail olmaq üçün əlimizdən gələni edirik. 

Çox maraqlıdır ki, bu mövsüm hətta Almaniya nəhəngi "Bavariya" ilə matçda üstün oyun nümayiş etdirən "Bayer"in "Qarabağ"la görüşlərdə zaman kəsiklərini çıxmaqla, aşkar dominantlığı yox idi. Bu haqda nə düşünürsüz?

- Mən bunu komandamızın hazırlığı və taktiki tədbirlərin düzgün tətbiq edilməsi ilə əlaqələndirərdim. Deməli, başda Qurban Qurbanov olmaqla, bizim məşqçilər korpusumuz rəqibi yaxşı analiz etmişdilər. Harada və necə oynamağın lazım olduğu haqda tapşırıqlar tam yerində verilmişdi. Komanda "Bayer"in rahat oynamasına imkan vermirdi. Almaniyalı azarkeşlərdən ağlayanları gördüm ki, şansın əldən getdiyini deyirdilər. Yəni, məğlubiyyətsizlik seriyaları başa çatmaq üzrə idi. Sona 2 dəqiqə qalmış hər şey bu istiqamətdə gedirdi. Sonradan heç özləri də inanmadıqları halda nəticə dəyişdi. Xeyirlisi, qismət belə imiş.

Bu ilə qədər "Qarabağ" dünyada 50 faiz tanınırdısa, cari avrokuboklardan sonra məşhurluğunuz 4-5 dəfə çox oldu. "Bayer"lə Bakıdakı matçın 1-ci hissəsindən sonra dünya mətbuatı, xarici sosial şəbəkə səhifələri, nüfuzlu nəşrlər "Qarabağ"ın möcüzəni reallaşdırdığını, tilsimi qırdığını yazırdı. Qeyd etdiyiniz kimi, bu qədər böyümək, məşhurluq sizə əlavə məsuliyyət gətirir. Eyni zamanda, baş məşqçiniz, futbolçularınız Avropa klublarının maraq dairəsinə düşür. Rəhbər şəxs olaraq, komandanın heyətini qoruyub saxlamaq, ümumiyyətlə, nə qədər asan və çətindir?

- "Qarabağ"ın indiyə qədər olan uğurlarının ən böyük sirri mənəvi məsələlərlə bağlıdır. Burada futbolçuların baş məşqçiyə və rəhbərliyə, o cümlədən rəhbərliyin futbolçulara baxışı, yanaşması tamam başqa cürdür. Komandamızın təməli sırf mənəviyyat üzərində qurulub. Təbii ki, bu, başda Tahir Gözəl olmaqla, rəhbərliyin, baş məşqçinin komandaya yanaşmasının nəticəsidir. Açığı, heyəti qoruyub saxlamaq məsələsi ilə bağlı narahatlıq var. "Yoxdur" desəm, səmimi olmaz. Bilirəm ki, mənəvi bağlara üstünlük verən futbolçularımız bizimlə yola davam edəcəklər Daha çox pul qazanmaq istəyən, karyerasını daha güclü çempionatda davam etdirmək istəyən futbolçulara da lazımi şəraiti elə lazımi şəkildə yaradacağıq. Çox klub futbolçularımızla maraqlanır. Amma mən demirəm ki, müqaviləsi olan futbolçuya "buyur, çıx get" deyəcəyik və ya baş məşqçimiz müqaviləsinin müddəti sona çatan oyunçunun komandada qalmasını istəyəcəksə, yenə də imkanlarımızı səfərbər edəcəyik. İndiyə qədər ürəyi burada olanların hamısı bizimlə qalıb. Onu da deyim ki, gedən futbolçularımızın əksəriyyəti sonra məyus olub və çoxu qayıtmaq istəsə də, artıq yeri doldurulub. "Qarabağ" belə klubdur, anlatmaqla bitəcək deyil. Gərək, klubun içində olasan və mənəviyyatı yaşayasan. Baş məşqçimizə gəldikdə, bizim ona böyük inamımız var. Onun da bizə inamı və etibarı var. Getməklə bağlı özü qərar versə, onu anlayacağıq, başa düşəcəyik. Hazırda bu məsələ ilə bağlı yenilik yoxdur. Qurban müəllim bizimlədir. Ürəyimdə hiss edirəm ki, o, uzun illər "Qarabağ"da olacaq.

Xüsusən son illərdə transferlərinizin çoxu özünü doğrultmağa başlayıb. Əvvəllər komandaya, Azərbaycana uyğunlaşan legionerləriniz az olurdu. Amma son illər heç kimin tanımadığı və daha ucuz qiymətə gətirdiyiniz futbolçular Azərbaycanda parlayır, gedir və maraqlıdır ki, heç biri "Qarabağ"da olduğu kimi çıxış edə bilmir. Ən son nümunə kimi Kadi Borgesi göstərmək olar. Klub, menecer və skaut dəstəsi olaraq bu çalışmalarınız maraqlıdır. Əsasən, hansı kriteriyalara üstünlük verirsiz ki, bu tip futbolçular Azərbaycanda qısa müddətə parlayır və ən azı 4-5 dəfə baha qiymətə satılır?

- Bu işlərdə əsas motivasiyamız Qurban müəllimə olan inamımızdır. Sualın konkret cavabı budur - bu məsələdə Qurban müəllimin əziyyəti və göstərdiyi həssaslıq. Bizim işimiz Qurban müəllimin seçdiyi futbolçunu ən uyğun şəraitdə "Qarabağ"a qazandırmaqdır. Çünki dediyiniz məsələdə vacib olan işə məsuliyyətlə, vicdanla yanaşmaq və diqqətlə işləməkdir. Bunların hamısı çox önəmlidir və hər biri Qurban müəllimdə və komandasında var. Bilirsiniz ki, məşqçilər korpusu da birbaşa Qurban müəllimə bağlıdır. Oyunçu seçimi ilə bağlı bütün qərarları o verir. İndiyə qədər çox az hallarda etimadı doğrultmayacaq futbolçular transfer etmək istəyib. Transferin özünü doğrultması ilə bağlı, dediyiniz kimi, Kadi Borges buna tam nümunədir. Doğrudur, hazırda bizə hansısa futbolçumuzla bağlı rəsmi müraciət edilməyib, amma oyunçularımızın fərqli çempionatlardan təklif aldıqlarını biz də xəbərlərdən oxuyuruq. Rəsmi təkliflər mövsümün sonunda gəlməyə başlayacaq və ya heç olmayacaq, bilmirəm. Desəm ki, indi hansısa futbolçumuz haqda "Bayer"lə və ya "Braqa" ilə oyundan sonra təklif almışıq, bu, doğru məlumat olmaz.

Sizin istədiyiniz futbolçuları necə, transfer etmək nə qədər çətindir, yaxud asandır?

- Əlbəttə, istədiyimiz hər futbolçunu transfer edə bilmirik. Şərait ona gətirib çıxarıb ki, ehtiyac olunan səviyyənin altındakı futbolçuları gətirib üst səviyyəyə qaldırmaq yolunu gedirik. Bu da işin düzgün qurulması və iş rejiminin düzgün olmasına görə özünü doğruldur.

Qurban Qurbanova Azərbaycan milli komandasının baş məşqçisi olmaq təklifi gəlsə...Klub rəhbəri kimi fikriniz maraqlıdır, nə edəcəksiz?

- Əvvəla onu deyim ki, o vaxt Qurban müəllim millidə işləyərkən "Qarabağ"da da işini davam etdirirdi. Allaha şükürlər olsun, bir çətinlik, problem, neqativ hal görmədik. Həmin vaxt rəhbərliklə məsləhətləşdik və düzgün olan qərarı qəbul etdik. Nəticədə Qurban müəllim həm millini, həm də "Qarabağ"ı çalışdırdı. Burada Qurban müəllimin qərarından çox şey asılıdır. Verdiyi bütün qərarlarda necə məsuliyyətlə və vicdanla hərəkət etdiyini bilirik, görmüşük. Bundan sonra da belə olacağını bilirik. Əsas Qurban müəllimin mövqeyidir. Hazırda belə bir təklif, istək yoxdursa, bu haqda konkret nəsə demək düzgün olmaz. Yəqin, bizim görmədiyimiz bir nöqtəni yeni rəhbərlik görür və bilir. AFFA-nın yeni rəhbərliyinə də işlərində uğurlar arzulayıram. Hər bir məsələdə onlara dəstək olmağa, üzərimizə düşən işləri icra etməyə hazırıq. İndiyə kimi belə olub, bundan sonra da belə davam edəcək.

Uzun illərdir "Qarabağ"dasız və Azərbaycan çempionatında 16-18 komandanın iştirakını görmüsüz. Sizcə, bu gün Premyer Liqanın, klubların səviyyəsi niyə bu qədər aşağı düşüb? Nəzərə alaq ki, bu, "Qarabağ"ın da ziyanına işləyir.

- Bəli, 20 ildən çoxdur "Qarabağ"da çalışıram. Dediklərinizin hər birini yaşayıb görmüşəm. Açığı, hazırda məni daha çox "Qarabağ"ın nailiyyətləri maraqlandırır. Çünki fəaliyyətim bu klubla bağlıdır. Çempionatın səviyyəsinin aşağı düşdüyünü deməzdim. Futbola olan maraq, diqqət, azakeşlərin sayı artıb. Artıq hər kəsin dəstəklədiyi bir komanda var. "Qarabağ"ın da, "Neftçi"nin də, yeni yaranmış komandaların da öz azarkeşləri var. Çempionatın səviyyəsinin aşağı düşməsi haqda nəsə deməyim düzgün olmaz. 

"Qarabağ"ın akademiyası, uşaq futbolunun inkişafı ilə bağlı da əməli işlərə start vermisiz. Yeni akademiya ilə bağlı vəziyyətdə bir dəyişiklik var? Bilirik ki, bu, asan başa gələn iş deyil.

- Akademiya üçün məkanla bağlı axtarışlarımız davam edir. Bir yer var idi, amma oranın ekoloji cəhətdən uyğun olmadığı üçün digər variantlara baxırıq. Bu müddətdə də boş qalmırıq. "Qəbələ"dən Nail bəy aramıza qatıldı. Aftandil müəllim baş məşqçi kimi "Qarabağ"a qoşuldu. Artıq aşağı yaş qruplarından olan komandalarımız xaricdəki oyunlara daha çox yollanırlar. Hazırda sahib olduğumuz şəraiti daha da yaxşılaşdırmağın yollarını fikirləşirik. Akademiyanın təsis edilməsi uzun prosesdir. Bu gün başlasaq, oranın tikintisinə 2 il vaxt sərf olunacaq. Açığı, həmin vaxta kimi komandalarımızın şəraitinin yaxşılaşdırılmasına çalışırıq. Bu da bəhrəsini verir. 14 yaşadək futbolçulardan ibarət komandamız ötən ay Belarusda keçirilən beynəlxalq turnirdə çempion oldu. Bizim üçün böyük sevincdir. İnşallah, daha da gözəl nəticələrlə, xəbərlərlə birgə "Qarabağ"ın akademiyası haqda da eşidəcəksiz. 

Aftandil Hacıyev, Rəşad Sadiqov, Rauf Əliyev, Nail Kərimov və digər məşhurların akademiyaya cəlb edilməsini əsas komanda üçün yerli futbolçuların yetişdirilməsinə yönəlmiş addım kimi düşünə bilərik?

- Təbii ki. Həmin şəxslər həm yaxşı futbolçu olublar, həm də özlərini sübut etmiş məşqçilərdir. Məqsəd budur ki, aşağı yaş kateqoriyaları üzrə komandalarımızı müəyyən səviyyəyə gətirək. Yaxın keçmişə qədər bizdə belə bir şey yox idi. Etiraf edim, hətta bir dönəm onları məcbur saxlayırdıq ki, lisenziyamız olsun və əsas komandamız Avropada iştirak etmək hüququ qazansın. Bilirsiz ki, bu, UEFA-nın tələbidir. Amma bu gün həqiqətən də gözəl işlər gedir. Hər şey bizim nəzarətimizdədir. Nail bəy də idarəçilik məsələsində özünü sübut etmiş kadrdır. Məşqçilərimizi daha inkişaf etmələri üçün kurslara göndəririk. Bu ilə qədər əvvəllər heç bir komandamızı çoxlu sayda xarici turnirlərə göndərməmişdik. Əlbəttə, bu, Aftandil müəllimin səyi nəticəsində olub. İşi əsas görən şəxsdən çox şey asılıdır. Aftandil müəllim etimadımızı doğruldub.

Bu il ardıcıl 10, ümumilikdə 11-ci dəfə Azərbaycan çempionu olduz.  Yarı-zarafat, yarı-ciddi - çempion olmaqdan bezmədiz?

- Bilirsiz, bundan 11 il əvvəl də çempion olanda bizim qarşımıza heç vaxt birinci olmaq hədəfi qoyulmayıb. Rəhbərlik bir dəfə deməyib ki, bu il siz çempion olmalısız. 2008-ci ildən bəri Qurban müəllimlə işləyirik. Həmin il başda olmaqla, qarşımızda konkret çempionluq məqsədi olmayıb. Hədəfimiz nə olub? Vuruşmaq! Bizə "Azərbaycanın, "Qarabağ"ın, "Azərsun"un adını, öz adımızı, öz adınızı layiqincə təmsil etmək üçün vuruşmaq lazımdır" deyilirdi. Bunu etdikdən sonra nəticə özü gələcəkdi. Bu yöndə əsas yükü daşıyan baş məşqçiyə də hər zaman inam, etibar olub. Biz Qurban müəllimə 1-ci gündən etibar etmişdik. Bir-birimizə güvəndikcə etibar daha da artır, nəticələr də gəlməyə başlayır. Biz münasibəti dostluq, qardaşlıq, ailə səviyyəsinə gətirmişik. Qeydə alınan çempionluqlardan, qazanılan kubokdan, avrokuboklarda əldə etdiyimiz nəticələrdən daha önəmlisi mənəvi bağın yaranmasıdır. Sizə bir misal çəkim, pandemiya dönəmində çempionat dayanmışdı. İşə başlayıb-başlamayacağımızı bilmirdik, heç nə məlum deyildi. Tahir bəydən tapşırıq gəldi ki, "Futbolçuların pullarını bir gün də yubatmayın. Ehtiyac varsa, artırın. Çünki biz onların fədakarlığının fərqindəyik"...Çox şeylər yazıla, çox şeylər deyilə bilər. İndiyədək ödənişlə bağlı "Qarabağ"da heç bir futbolçu ilə, klubla və ya UEFA ilə problemimiz, çətinliyimiz olmayıb. Bunun müqabilində də biz mənəvi bağlılıq tələb edirik. "Azərsun Holdinq"in işçisi kimi bu, mənə də aiddir. Bütün ehtiyaclarım, maaşım ödənir, lazım olsa, əlavə kömək edilir. Tələb olunan bir şey var - mənəvi bağlılıq, dəyərlər və onlara sadiq qalmaq.

Bu gün "Neftçi"nin, "Sabah"ın və digər əksər klubların qeyri-sabit çıxış etməsi "Qarabağ"a nə qazandırır və "Qarabağ" nə itirir?

- Onu deyə bilərəm ki, həm "Neftçi"də, həm də "Sabah"da böyük işlər görülür. Məncə, tələsmək lazım deyil. Çünki futbolun içində olan biri kimi görürəm ki, orada istək var. Hər iki klubda da işlərin düzgün aparılması ilə bağlı istək var. Belə bir deyim var, hər igidin öz yerişiyi var. İnanıram və ümid edirəm ki, onlarda da çox gözəl sistem, nəticələr olacaq. Bunun üçün vaxt da lazımdır. Səbir edib gözləmək vacibdir. Bizim də Azərbaycan çempionatında böyük fərqlə uduzduğumuz matçlar olub. Həmin nəticələrdən əldə etdiyimiz təcrübələrin hesabına bu günlərə gəlmişik. O demək deyil ki, bu gün biz ən yuxarıdayıq. Oraya qalxana qədər məsuliyyət başqa cürdür, orada davamlı qalmaq tamam fərqlidir. Həm "Neftçi"də, həm "Sabah"da, həm də digər klublarda görülən işlərə şahidlik edirəm. Gəldiyim qənaət budur ki, yaxın zamanlarda həmin klublarda da gözəl nəticələr olacaq. Hətta ümid edirəm ki, "Qarabağ"dan yaxşı nəticələrə imza atacaqlar. Bu, həm "Qarabağ", həm də digər klublar üçün əlavə stimul olacaq. Bu yöndə üzərimizə düşəni etməyə hazırıq. Səbirli olmaq, komandana inanmaq, komandanın sənə inanması - bunlar uğurun sirlərindəndir.

Elvin ƏHƏD