"Yığmamız qat-qat geriləyərək minimum səviyyədən də aşağı düşüb"

"Yığmamız qat-qat geriləyərək minimum səviyyədən də aşağı düşüb"

Milli komandamızın keçmiş yarımmüdafiəçisi, "Neftçi"nin sabiq idman direktoru, menecer Ceyhun Sultanov mediasport.az saytına müsahibə verib.

Aktiv futbol fəaliyyətinizi bərpa etməyi düşünürsüz? Məsələn, keçmiş iş yoldaşınız Tərlan Əhmədovun dəvəti ilə "Kəpəz"də çalışa bilərsiz?

- Əlbəttə, yenidən futbola qayıtmağı düşünürəm. Fəaliyyətimi aktiv davam etdirməyim klublardan asılıdı. Hansı komandadan dəvət olarsa, məmnuniyyətlə işləyərəm. Amma təbii ki, söhbət mənim istəklərimi, şərtlərimi yerinə yetirəcək klublardan gedir. O ki qaldı Tərlan Əhmədovun dəvət etməsinə, xeyr, indiki məqamda əyalət klubunda işləmək fikrim yoxdu. İndiki dönəm üçün bu fikirdəyəm, sonra mümkündü. Hələlik bölgə klubunda işləməyi planlaşdırmıram. Üstünlüyü Bakı komandalarına verirəm. 

Kənardan Azərbaycan Premyer Liqası necə görünür?

- Çempionat maraqlı gəlir. Amma keyfiyyəti bir qədər də qaldıra bilsək, daha yaxşı olacaq.

Komanda sayı artıb, sizcə, əvvəlki illərlə müqayisədə, rəqabət çox artıb?

- Komanda sayı çox olsa da, təəssüf ki, keyfiyyət istənilən deyil. Məncə, buna üstünlük vermək lazımdı. Kəmiyyət yetərlidi, 10 komanda mübarizə aparır, lakin bu klubların içində aşağı səviyyədə olanlar da var. Əgər bu klubları “Qarabağ”, “Sabah”, “Neftçi”, “Qəbələ” və ya “Zirə” səviyyəsinə qaldıra bilsək, onda çempionatda rəqabət xeyli artacaq. İndiki halda rəqabət o qədər də yüksək deyil.

Keçmiş klubunuz "Neftçi"nin çıxışlarını necə qiymətləndirirsiz? Sizcə, niyə yetərli büdcəsi olan "Neftçi" komandaya xeyir verə biləcək, daha çox faydalı legionerlər gətirmir?

- Sözün açığı, bu gün “Neftçi”də keyfiyyətli futbolçular var, ancaq tam olaraq gözlənilən oyunlarını görə bilmirik. Fikrimcə, qışda 3-4 keyfiyyətli futbolçu transfer də etsələr, ehtiyat skamya genişlənər. Eyni zamanda futbolçular arasında rəqabət artar və bununla komanda oyun planı baxımından çıxışlarını xeyli yaxşılaşdırar. Əfsuslar olsun ki, bu gün “Neftçi”nin heyətində həmin o rəqabət yoxdu. Komandanın büdcəsinə gəlincə, bəli, “Neftçi”də maliyyə problemi olmur, Azərbaycan üçün bəs edəcək büdcəsi var. Bununla ölkə daxilində 2-3-cü yerləri tutmaq, hətta çempion da olmaq mümkündü. Ancaq komandanı Avropa səviyyəsinə çıxarmaq istəyiriksə, bu büdcə yetərli sayıla bilməz. Büdcə fərqi avrokuboklarda özünü büruzə verir.

"Qarabağ" çempionatda əsas favoritdir, "Sabah"ın şanslarını necə qiymətləndirirsiz?

- Məncə, “Sabah” “Qarabağ”la rəqabət apara biləcək gücdədi. Komandada görülən işlər artıq nəticəsini verir. “Sabah”da “məşqçi-rəhbərlik” anlaşması özünü doğruldur. Savadlı, bacarıqlı məşqçiləri var, rəhbərlik də lazım olan şəraiti yaradıb. Buna rəğmən, bir fakt var ki, “Qarabağ” bu gün bütün klublarımızdan üstündü. Dediyim kimi, ağaşı yerlərdə olan komandaların büdcəsi çox olsa, rəqabət də artar. İndiki halda aydın görünür ki, çempionat iki yerə bölünüb.

"Qəbələ", "Zirə" və digər klubarın çıxışları haqqında fikirləriniz də maraqlıdır.

- "Qəbələ" və "Zirə" yaxşı, baxımlı futbol oynamağı bacaran klublardı. Düzdü, bu klublar bir qədər ötənilki tempi saxlaya bilməyiblər. Hər iki komanda çempionata rəng qatır. Heyətlərini bir az gücləndirə bilsələr, çempionatda rəqabəti xeyli artırarlar. Aşağı yerdə gedən komandaların güclü maliyyə dəstəyi yoxdu, bəlli büdcələri var və onlar bu imkana uyğun bacardıqlarını edirlər. Yuxarı yerlər üçün mübarizə aparacaq gücdə deyillər. Onlarınkı sadəcə olaraq, Premyer Liqada oynamaq və kənarda qalan yerli uşaqlara şans verməkdi, məncə. 

Vaxtilə siz də millidə oynamısız. Baş məşqçi Canni De Byazi yığmada daha bir tsikl saxlanıldı. Nə düşünürsüz?

- Əvvəl də demişəm, təkrar edirəm – De Byazini milli komandada saxlamaq mənə görə səhv addım idi. Məşqçi ilə müqaviləni o vaxt uzadarlar ki, ortada konkret nəticə olar, komandada iş gedər, perspektiv görünər. Bu gün heç kimə lazım olmayan 3-4 oyunda qələbə qazandığı üçün işlərin yaxşı getdiyini deyib baş məşqçini saxlamaq mənə gülünc gəlir. İnkişafın olduğunu deyən adamlar oturub millinin oyunlarını ciddi, dərindən analiz edib düşünsələr, gələcəyə baxsalar, görəcəklər ki, Azərbaycan yığması nəinki irəli gedib, qat-qat geriləyərək minimum səviyyədən də aşağı düşüb. Bunu mütləq düşünmək lazım idi. 3 oyuna görə məşqçini saxlamaq yanlışdı. Üstəlik, heç olmasa, AÇ-2024-ün püşkatmasını gözləyərək, kimlərlə qrupa düşdüyümüzə baxıb sonra qərar verməli idilər. Ayrı-ayrılıqda keyfiyyətli, fərdi ustalığı olan futbolçularımız var. Ancaq bu qrupdan çıxmaq üçün nəsə edə biləcək imkanda deyilik. Gələcəyi düşünmək lazım idi, bu günlə yaşadıqca vaxt-zaman, illər beləcə gedir.

Elvin