"Qələbə mərhələ keçməyə kifayət etmir, davamını gətirməliyik"
“Oyun çətin məcrada keçdi. Matçın gedişində hesabda geri düşdük. Komandanın üzvləri çox həyəcanlı idilər, çünki bu cür yarışda ilk dəfə iştirak edirdilər. Ancaq fasiləyə qədər hesabı bərabərləşdirdik".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycanın U-19 milli komandasının baş məşqçisi İlqar Aslanov deyib.
Mütəxəssis millimizin Avropa çempionatının ilkin seçmə mərhələsində Kosovo yığması üzərində 4:1 hesablı qələbəni şərh edib:
"Paltardəyişmə otağında söhbət zamanı anladılar ki, bu rəqibi yenmək olar. Bunun da nəticəsi olaraq ikinci hissədə özümüzdə güc tapdıq və qələbə qollarını vurduq. Futzal ailəsini təbrik edirəm.
Bu U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü. Buna görə də sevincliyik. Ancaq hələ ki, işin yarısını görmüşük. Bu qələbə mərhələ adlamaq üçün kifayət etmir, davamını gətirməliyik.
İnanıram ki, komanda olaraq bu şansı əldən verməyəcəyik və qələbə qazanıb həm azarkeşlərimizi sevindirəcəyik, həm də əsas mərhələyə yüksələcəyik”.
Xatırladaq ki, komandamız bu axşam San Marino futzalçıları ilə qarşılaşacaq.