"Bəlkə bizdən asılı olmayan hallar var, hər bir halda azarkeşləri küsdürmək olmaz" - QURBAN QURBANOV
"Qarabağ" Azərbaycan Kubokunun 1:4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sullarını cavablandırıb:
- Oyunu sönük görmək olardı. Amma əsl kubok oyunu idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qarşımızda çox yaxşı "Qəbələ" var idi. Bəlkə də qələbəyə layiq idilər. Oyun ritmindən uzaq olan futbolçular çox idi meydanda. Hər halda istəkli idilər. Çox şey alınmırdı. Amma get-gedə bacardıq. Qələbə topunu da vurduq. Müdafiə xəttində bir az diqqətsizliyə görə bərabərlik oldu. Cavab oyunu var. O bundan da maraqlı olacaq. Əsl kubok ab-havası olacaq. Hər iki komandanın itirəcəyi bir şey yoxdur. Bəlkə də oradakı qarşılaşma daha maraqlı olacaq. "Qəbələ"yə uğurlar arzulayıram.
"Qəbələ" ilə ardıcıl oyunların olması sıxıcı deyil?
- Məcburuq oynamağa. Üç oyun bir komandaya qarşı oynamaq futbolçular üçün xoş deyil. Əfsuslar olsun ki, vaxtımız yoxdur. İllərlə belə hallar olub. Gərək, belə matçlarda daha da peşəkar olasan. Diqqətli olmaq lazımdır. Üç oyun dalbadal oynasan da, hər oyunda əvvəlkindən daha istəkli olmalısan.
Azarkeşlərin yoxluğunu hiss etdiz?
- Olmayanda həmişə hiss edilir. Sanki stadion boş idi. Azarkeşsiz futbol, futbola bənzəmir. İlk dəqiqələrdən hiss olunurdu.
Son oyunda azarkeşlərin başına gələn hadisə ilə bağlı məsələyə münasibətiniz necədir? AFFA, PFL, "Qarabağ"dan bəyanat gəlmədi həmin məsələ haqda. Sizə elə gəlmir ki, PFL piarı düzgün qurmur və azarkeşləri stadiona cəlb edə bilmirlər...
- "Neftçi" ilə oyunda belə hallar ilk dəfə deyil. Dəfələrlə görmüşük. Avropa futbolunda da var. Belə etirazlar, qarşıdurmalar daim olub. Polislə, azarkeşlər arasında belə hallar olur. Yazılı olmasa da, şifahi olaraq azarkeşlərimizlə maraqlanmışıq. Bəlkə bizdən asılı olmayan hallar var. Təbii ki, hər bir halda azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Azarkeşlərlə münasibətimiz həmişə yaxşı olub. Mənə aid olmayan hissədir. Həmişə klub olaraq onların yanındayıq. Problem olubsa, çatışmazlıq olubsa, aradan qaldırırlar. Azarkeşə futbolu sevdirmək lazımdır. Nəticələr və futbolumuzla. Bəzən də rəhbərlik hansısa addım atmalıdır. Azarkeşlər burada olmasa da, yanımızda hiss edirdik. Tez bir zamanda aradan qaldırılası məsələdir. Yaxın vaxtlarda stadionda olarlar.
Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı var. Bu proses baş verərsə, Kadinin inkişafına təsir edə bilər?
- Bu suala tam ətraflı cavab verə bilməyəcəm. Çünki kluba heç bir rəsmi məlumat verilməyib, təklif olunmayıb. Sadəcə, adi söz kimi baxıram buna. Rəsmi təklif gələndən sonra bu barədə ətraflı danışarıq. Qərar vermək lazım olsa, bunu edərik.