İntizam Komitəsi hakimləri söyən futbolçuya 4 oyunluq cəza verib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Futbol üzrə Azərbaycan 2-ci Liqası komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.
Buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Göygöl” ilə oyunda hakimləri təhqir etməsi olub.
Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.
Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan “Dinamo” ölkə kuboku ilə vidalaşıb.