"Öz potensialımızdan çox aşağı oynadıq" - Qurban Qurbanov
"Qarabağ" Azərbaycan Premyer Liqasına məğlubiyyətlə başlayıb. Ağdam klubu doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə uduzub, öz də tarixində ilk dəfə.
mediasport.az xəbər verir ki, "köhlən atlılar"ın baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı düşüncələrini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.
- Rəşadı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram. Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq.
Bəlkə də belə məğlubiyyət yaxşıdır ki, komandanın toparlanması üçün təkar. Siz necə fikirləşirsiz?
- Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.
Azarkeşlər klubu transfer etməyə səslədilər, bu barədə nə deyə bilərsiz?
- Azarkeşlər azaddırlar, futbol onlara görə oynanılır. Bəzən azarkeşlər də emosiyalarını saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, sezonun ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız indi də gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacaracağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə...Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq.
Qarşıda avrokubok oyunu var və UEFA Bakadakı matçları eyni günə, təxminən eyni saata salıb. Sizcə, buna görə Tofiq Bəhramova gələcək azarkeş sayında azalma ola bilər?
- İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdədir. Maraqlı olacaq. Təki, hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri bir-birinə qarışıb, təbrik etsinlər.
UEFA-nın Azərbaycana münasibəti ikili standart kimi görünür.
- UEFA toxunulmaz qurumdur. Fikir bildirə bilmərik. Həm də nizamnaməni tam bilmirəm.
Dörd gündən sonra HİK-lə oyun var. Komandanı toparlamaq çətin olacaq?
- İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar "Rakuv"la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, fikirlərini bildirir insanlar. Biz elə yola çıxmışıq ki, hazır olmalıyıq belə olaylara. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaq üstdə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olacaq.
Futbolçulara hər hansı qadağa olacaq, sosial şəbəkələr və ya jurnalistlərə müsahibə verməklə bağlı?
- Deməmişəm. Siz də çox narahat etməyin (gülür). Onlar nə etmək lazım olduğunu bilirlər.
HİK-i araşdıra bilmisiz?
- Sanki ikinci "Rakuv"dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakuv" kimi müdafiə olunurlar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik.
HİK-in "Rakuv"a bənzəməsi szi narahat edir?
- Ümumiyyətlə, məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək.
Maksim Medvedevin zədəsi nə yerdədir? Onu HİK-lə matçda start heyətində görə bilərik?
- Məncə, zədə deyil, əzələsində dartılma var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.
Marko Veşoviçin yoxluğunda problem yarana bilər? HİK-in də ən yaxşı hücumları o cinahdandır.
- Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq.
Sizcə, çempionat daha maraqlı keçəcək? Ümumiyyətlə, "Qarabağ" üçün çətin olacaq?
- Bu gün belə nəticə olubsa, göründü ki, çempionat maraqlı olacaq. Hər rəqib keçən illə müqayisədə daha iddialıdır, çox transfer ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki, maraqlı olsun.