"Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram"
"Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. "Kəpəz" ölkənizdə ənənəvi, köklü klubdur".
Mediasport.az xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Luis Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Sarı-göylər"in yeni transferi Gəncədə yaxşı qarşılandığını, xoş münasibət gördüyünü bildirib:
"Digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram".
Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini, bunun üçün mübarizəyə hazır olduğunu söyləyib:
"Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. "Kəpəz"ə kömək etməyə gəlmişəm".
Paçu komandanın düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu da əlavə edib:
"Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək".