"Fakt faktlığında qalır, 3 oyundur qalib gələ bilmirik" - Şahin Diniyev
"Komandada eniş var. "Turan Tovuz"la oyundan sonra bir çox futbolçunu zədə səbəbindən itirdik. Zədəlilərin yerini doldura bilmirik. Ardınca "Kəpəz"lə oyunda qol vəziyyətlərindən istifadə edə bilmədik. O şansları vursaydıq, vəziyyət yaxşı olardı".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis komandasının 3 oyundur qalib gələ bilməməsindən danışıb, futbolçularının formaya düşməsi üçün vaxt lazım olduğunu deyib.
"Qarabağ"a qarşı oyunda isə mübarizə apardıq, amma uduzduq. Fakt faktlığında qalır. 3 oyundur qalib gələ bilmirik. "Araz-Naxçıvan"a qarşı son oyunu da yaxşı keçirmədik. İtkilərin və komandanın formadan uzaq olması işimizi çətinləşdirir. Məcburiyyətdən axırıncı oyunda 6 ay futbol oynamayan Vüqar Həsənova şans verdim. Futbolçuların formaya düşməsi üçün zaman lazımdır. "Turan Tovuz"la oyundan sonra itkilərimiz çox oldu. Kiçik komandalarda bir itki olan kimi özün göstərir. Yəqin ki, "Sabah"la oyuna yaxşı formada çıxa biləcəyik. Qış fasiləsinə qədər qalan üç oyunu gözəl keçirə bilsək, ondan sonra tam yaxşı vəziyyətə düşərik".
Diniyev qışda yeni transferlərin olacağını istisna etməyib: "Heyəti gücləndirmək istəyirik, heç olmasa, 2-3 transfer planlaşdırırıq. Amma bunların hansı mövqe olacağını açıqlamaq doğru deyil. Yerli və əcnəbi variantlarına baxacağıq. Səhvə yol vermək istəmirəm, bizə uyğun oyunçuları gətirməyə çalışacam".
Qeyd edək ki, "Səbail" Premyer Liqada 15 turdan sonra 23 xalla 4-cü sırada qərarlaşıb və lider "Qarabağ"dan 9 xal geri qalır.