Tahir Gözəl: "Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir"
"Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm. Hadisənin ilk dəqiqələrindən etibarən başda Azərbaycan prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi".
mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Gent" oyunundan öncə Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.
Bu gecə baş tutacaq Konfrans Liqasının pley-off mərhələsinin görüşün haqda danışan klub rəhbəri qardaş ölkədə baş vermiş dəhşətli zəlzələdən çox məyus olduqlarını bildirib.
- Maddi durumundan asılı olmayaraq hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim. Böyük məmnuniyyətlə, Cənab prezidentin bu çağırışına biz də “Azersun Holdinq” olaraq qoşulduq. Bunun qürurunu yaşayırıq.
Başda Prezidentimiz olmaqla bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq. Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar. Oyuna gəlincə, mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təssəlli olan “Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa, azarkeşlərimizi sevindirəcək.