Tanınmış təlimatçı-ekspert Azərbaycana səfər edib
Beynəlxalq Voleybol Federasiyasının (FİVB) təlimatçı-eksperti Athanasios Papageorgiou Azərbaycana səfər edib.
Mediasport.az xəbər verir ki, səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.
Athanasios və FİVB-nin məşqçi-instruktoru, Azərbaycan Voleybol Federasiyasının Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme Azərbaycan İdman Akademiyasının (AİA) Tədrisin Təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüblər.
"Milli İdman Sistemlərinin İnkişafı" (DNSS) proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da iştirak ediblər.
AİA-nın Elmi-tədris laboratoriyasında və Media Mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. AİA-nin idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada "İnkişaf Mərkəzi"nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıb.
Daha sonra A.Papageorgiou və C.Akarçeşme voleybol haqqında yazdıqları kitablarını AİA-nın kitabxanasına hədiyyə ediblər. DNSS proqramı çərçivəsində Gəncədə və Bakıda voleybol məşqçi-müəllimləri üçün seminarlar da keçiriləcək.