"Çox səhvlər etdik, bu, nəticədə də özünü göstərdi" - Millimizin üzvü
“Yarışa hazırlıqlarımız yaxşı keçdi. Sloveniyadakı təlim-məşq toplanışında yoxlama oyunları da keçirmək imkanımız oldu”.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Mertsalova deyib.
Yığmamızın blokçusu Qızıl Avropa Liqasının Bakıda keçiriləcək oyunları ərəfəsində Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Bu da qısa vaxtda komandamızın uyğunlaşmasına kömək oldu. Ona görə də biz ilk qarşılaşmaya çox motivasiya ilə çıxdıq. Bu, nəticədə də özünü göstərdi. Növbəti oyunlar isə plan üzrə getmədi. Bildiyim qədər digər komandalar bir heyətlə uzun müddətdir oynayırlar. Bəlkə də bizim çatışmayan cəhətimiz məhz bu amildir ki, son oyunlarda da özünü göstərdi. Çox səhvlər etdik, bu da həlledici anlarda qələbə qazanmağımıza mane oldu”.
Anastasiya həftəsonu Bakıda baş tutacaq qarşılaşmalara da toxunub: “Qarşıda doğma meydanda Estoniya və Avstriya ilə oyunlarımız var. Bu oyunlar da bizim üçün çox vacibdir. Öz evimizdə yaxşı oynayıb qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik. Biz qələbə üçün hər şey edəcəyik və düşünürəm ki, doğma divarlar da bizə kömək olacaq”.
Qeyd edək ki, millimiz mayın 31-də Estoniya, iyunun 2-də Avstriya ilə qarşılaşacaq.