Xarici klublar üçün qadın futbolçular hazırlayan Mingəçevir - VİDEO
Kişilərin yarışında yalnız I Divizionda təmsil olunan Mingəçevirdə qadın futboluna böyük diqqət var. Təsadüfi deyil, bu şəhərdə 12 və daha böyük yaşlı qızlardan ibarət komandalar fəaliyyət göstərir.
Respublika çempionatında çıxış edən hər 2 komanda uğurlu nəticələri ilə diqqət çəkir. Şimal-Qərb zonasında mübarizə aparan 12 yaşlılar zona yarışlarının birinci dövrəsini ilk pillədə başa vuraraq pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Böyüklərdən ibarət kollekiv isə hələlik turnir cədvəlinin ortalarında qərarlaşır.
Komandanın baş məşqçisi İlqar Hüseynov qızların hazırlıq prosesindən razıdı. O, əsas məqsədlərinin milli komanda üçün perspektivli futbolçular hazırlamaq olduğunu deyir.
Qızlar həftə ərzində təşkil olunan məşq proseslərində mütəmadi iştirak edirlər. Onların qarşılarına qoyduqları əsas məqsəd komandalarında uğurlu çıxış etməklə yanaşı, milli komandaya dəvət almaqdır.
Komandanın bir sıra üzvləri Rusiya və Türkiyənin qızlardan ibarət klublarına transfer olunublar. Nigar Mirzəliyeva Rusiyanın “Zenit”, Coşqunə Əliyeva Türkiyənin “Kireçburnu”, Nərgiz Əliyeva isə “Ereğli Bələdiyyə” klubunda çıxış edirlər.