"Ümumi məqsədimiz B Liqasında qalmaq, orada "kök atmaq"dır"
"Düzünü desəm, komanda olaraq ümumi məqsədimiz B Liqasında qalmaq, orada "kök atmaq"dır. Qrupda da maksimum yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis Avropa çempionatının seçmə qrup mərhələsinin qarşıdakı oyunları barədə danışıb:
"Uzun müddətdən sonra ilk toplanışımız gerçəkləşəcək. Beynəlxalq səviyyədə ilk rəsmi oyunlara çıxacağıq. Birinci matçlar bir az çətin olur. Komanda olaraq məqsədimiz odur ki, oyunlardan xalla ayrılaq. Apreldə qarşılaşacağımız 2 komandanı dəyərləndirməli olsaq, deyə bilərik ki, Macarıstan illərdir B Liqasında tanınan komandalardandır. Çox keyfiyyətli oyunçulara sahibdirlər. Bu il onlar Millətlər Liqasında pley-off mərhələsində A Liqasına vəsiqə qazanmaq üçün Belçika ilə üz-üzə gəliblər. Həmin görüşlərdə uduzdular. Ona görə yenidən B liqasında qaldılar.
İsveçrə də qrupumuzdakı ən yaxşı komandalardan biridir. Həm milli səviyyədə sərgilədikləri çıxışlar, həm də oyunçularının keyfiyyəti (əksəriyyəti TOP ölkə çempionatlarında çıxış edirlər) onların gücündən xəbər verir. Macarıstan və İsveçrə komandaları ilə daha əvvəl aşağı yaş kateqoriyalarında oyunlarımız olsa da, əsas komanda ilə ilk duelimizdir. Məqsədimiz hər iki oyunda xal qazanmaqdır".
37 yaşlı məşqçi qrupda yayda üz-üzə gələcəyimiz Türkiyə millisini isə daha yaxşı tanıdığını bildirib:
"Türkiyə milli komandası mənə daha yaxındır. Onları daha yaxşı tanıyıram. Bilirsiz ki, 1 mövsümdən çox Türkiyə Superliqasında ("Fomget") çalışmışam. Millidəki bütün qızları yuxarı-aşağı tanıyıram. Yığmada oynayan 4 futbolçu bizim komandanın üzvü idi. Ona görə istər birlikdə çalışdığım futbolçuları, istərsə də digər klublarda çıxış edən oyunçuları o qədər analiz etmişəm ki, Türkiyə millisi mənə daha yaxın gəlir. Onlar da bizim kimi bu il C Liqasından B Liqasına yüksəliblər. Məncə, oyunumuz çox maraqlı olacaq".
Xatırladaq ki, B liqasının l qrupunda mübarizə aparan komandamız aprelin 5-i saat 19:45-də səfərdə Macarıstan futbolçularının qonağı olacaq.
Millimiz aprelin 9-u saat 16:00-da Bakıda İsveçrə seçməsini qəbul edəcək.
Qitə birinciliyinin final mərhələsi gələn il İsveçrədə keçiriləcək.
Rövşən ƏLİSOY