Tərlan Əhmədov susqunluğa ara verib - MARAQLI AÇIQLAMALAR
"İndiyə qədər heç bir təklif almamışam. Nə danışıqlar aparılıb, nə razılıq əldə edilib. Ortada heç bir məsələ yoxdur. Bizim işimiz budur. İşimizi başa vurduq və hazırda gözləmə mövqeyindəyik. Təklif olacaqsa, dəyərləndirəcəyik. Hazırda heç bir təklif edilməyib, danışıqlar aparılmayıb. Bəzən haqqımda xoşagəlməz sözlər yazdılar-pozdular. Mən kiməsə özüm üçün iş axtarmaqla bağlı heç bir söz deməmişəm. Ümumiyyətlə, həyatda belə şeylər istəməmişəm. Eybi yox, Allah böyükdür. Xeyirlisi olsun. Hər şeyi Allahın ümidinə buraxmışam. Zamanla qazandığım nəticələr də göz qabağındadır".
Bu sözləri Mediasport.az saytına geniş açıqlamasında Azərbaycanın ən uğurlu futbol məşqçilərindən Tərlan Əhmədov deyib.
Təcrübəli müəxəssis işsizliyi, Azərbaycan Premyer Liqasının geridə qalan 16 turu, klubların vəziyyətləri, çıxışları, iddiaları və milli komanda haqqında fikirlərini əhatəli formada izah edib, düşüncələrini bölüşüb.
Premyer Liqada geridə qalan 16 turun ümumi analizi
- Artıq 16 tur geridə qalıb. Açığı, hələ ürəkaçan bir şey, aqressiv çempionat görməmişəm. Keçən mövsüm komandalar daha istəkli idi, oyunlar aqressiv və mübarizəli keçirdi. Cari mövsüm haqda eyni sözləri deyə bilməyəcəm. Bilmirəm, aşağı-yuxarı hamısı eyni səviyyədə çıxış edir. "Qarabağ" bir az "qaz" verən kimi ardıcıl qələbələr qazanır. Onları çıxmaq şərtilə, digər kollektivlərin hamısı eyni səviyyədədir. Biri 1 oyun udur, 3 oyun uduzur. Orta pillələrdə yer tutan komanda ilə üst sıralarda qərarlaşan komandalar arasında fərq yoxdur. Gedişat onu göstərir ki, komandaların hamısı eyni səviyyədədir. Komandaların hazırkı səviyyəsi keçən ilə nisbətdə çox aşağıdır.
Məsələn, "Qəbələ" özünə xas olmayan formada oynayır və özünə xas olmayan pillədə qərarlaşıb. Ümumiyyətlə, orada nələrin baş verdiyini bilmirik. Debütant "Araz-Naxçıvan" yaxşı çıxış edir. Heç kim onları qınaya bilməz. Çünki Premyer Liqada ilk mövsümlərini keçirirlər. Baş məşqçilərinin də ilk Premyer Liqa təcrübəsidir. Amma yarışa baxdıqda görə bilərik ki, illərdir ölkə çempionatında mübarizə aparan komandalarla eyni səviyyədə mübarizə aparırlar. Hətta bəzi komandalara baxdıqda "Araz-Naxçıvan" daha maraqlı futbol oynayır.
"Zirə" haqqında deyiləcək söz yoxdur. Onlar müdafiə xəttini daha çox fikirləşirlər. İmkan, şans olsa, hücumları qolla tamamlamağa çalışırlar. Rəşad Sadıqov nəticəyə oynayan komanda formalaşdırıb. Təbii ki, hər məşqçinin özünə xas proqramı olur. Qol epizodları yaradırlar, amma onları düzgün icra edən futbolçuların sayı çox deyil. "Az top buraxıb, az qol vurmaq" prinsipi ilə oynayırlar.
"Sabah"a gəldikdə, keçən ilki komandadan əsər-əlamət yoxdur. Coy Lens Mikels və Aleksey Kaşşuk komandanın əsas qol silahları idi. Onlar getdikdən sonra komandada bütün sistem pozulub. "Sabah" hazırda qeyri-stabil və zəif çıxış edən komandalar sırasındadır.
"Turan Tovuz"un keçən ilki heyəti daha baxımlı, aqressiv futbol oynayırdı. Cari mövsüm stabil oyun nümayiş etdirə bilmirlər. 1 oyun yaxşı oynayırlar, 3 oyun komandada problemlər yaşanır, nəticəyə uyğunlaşa bilmirlər. Sanki qabaqlarına uduzmamaq şərti qoyulub. Bir sözlə, artıq çempionatın elə də kəsəri qalmayıb. Mən sizə açıq deyim: "Qarabağ" böyük fərqlə çempion olacaq. Bəlkə də sona 6-7 tur qalmış çempionluğu təmin edəcəklər. Ümumilikdə, 9 komandanın oyun üslubu aşağı-yuxarı eynidir. Əgər yuxarı pillələrdə qərarlaşan komandalar autsayderlərlə matçlarda xal itirirlərsə, uduzurlarsa, deməli, çempionatımız tam formalaşmayıb.
16 tura əsasən deyə bilərəm ki, bütün komandalar qeyri-stabil çıxış edirlər. "Qarabağ" son oyunlarda ardıcıl qələbələr qazanır. Digər kollektivlərin qeyri-sabit olması onu göstərir ki, heyətlərə cəlb edilən futbolçular, görülən işlər aşağı səviyyədədir.
"Səbail" keçən il Şahin Diniyevin sayəsində çətinliklə Premyer Liqada qalmağı bacardı. "Şamaxı" ilə oyunda son dəqiqələrdə vurulan qolla bunu reallaşdırdılar.
İndiki gedişat onu göstərir ki, turnir cədvəlində dəyişikliklər olacaq. Komandaların heyətlərinə baxanda yüksək performansa malik, oyunun taleyini dəyişə biləcək gücə malik futbolçular da görünmür. Qol vurmaq üçün epizodlar yaradılır, amma onları dəyərləndirəcək, matçın tempinə təsir göstərəcək, komandanı daşıya biləcək lider futbolçular yoxdur. Hələ heç çempionatın tam ortası da deyil. Qış fasiləsinə bir neçə oyun var. Qarşıdakı oyunlarda nələrin baş verəcəyini görəcəyik.
Bilirsiniz ki, qış fasiləsində komandalara bir o qədər yaxşı futbolçu gətirmək mümkün deyil. Ümumən, kimlərsə güclənə, kimlərsə də zəifləyə bilər. Fasilənin bəzilərinə düşərli olmaq ehtimalı var. Mükafatçılar sırasına hansı komandanın düşəcəyi haqda danışmaq tezdir. Nələrin olacağını gedişatda görəcəyik. Hansısa komandanın adını 2-ci və ya 3-cü pillədə səsləndirməkdə çətinlik çəkirəm. "Sumqayıt" da, "Səbail" də, "Neftçi" də, "Zirə" də qeyri-stabil oynayır. "Araz-Naxçıvan"ı siyahıya qatmayaq, onlar debütantdır. Sadaladığım komandalardan heç biri stabil oyun nümayiş etdirmədiyi üçün onlar haqda dəqiq fikir bildirmək olmur. Qış fasiləsində komandaların hazırlıq prosesinin necə olacağı, kimlərinsə gələcəyi, kimlərinsə gedəcəyi, fasilədən sonra çempionatın necə olacağı, aqressivliyin olub-olmayacağı 2-ci və 3-cü pillələrin sahibləri haqda fikir bildirməyə şərait yarada bilər.
"Qarabağ"ın hegemonluğu
Qurban Qurbanovun komandası həmişə çempionata qeyri-stabil başlayır. Çünki startda onlar daha çox avrokubokların təsnifat mərhələlərinə üstünlük verirlər. Qrupa düşmək üçün çox çalışırlar. Lakin artıq Premyer Liqada da güclərini ortaya qoyublar. 2 heyətləri var, rahat şəkildə komandada dəyişikliklər edə bilirlər. "Qarabağ" 3 cəbhədə rahat çıxış edə bilər. Son oyunları potensiallarının həddindən çox yüksək olduğunu göstərir. İstədikləri vaxt böyükhesablı qələbələr qazanırlar. Bəzən oyunçularına istirahət şansı verirlər ki, digər matçlara hazırlaşsınlar. Buna görə də onların 3 cəbhədə vuruşmaqları üçün heç bir problem yoxdur. Əgər avrokubokların təsnifat mərhələlərinə o qədər üstünlük verməsələr, çempionata da yüksək templə başlaya bilərlər. Heyətləri də var, gücləri də. Futbolçular da onlara göstərilən etimadı yüksək səviyyədə doğruldurlar və rahat oynayırlar. Bu baxımdan "Qarabağ"ın heç bir problemi yoxdur.
"Neftçi" yenidənqurmadan sonra
"Neftçi" heç də xoş günlərini yaşamır. Tarixi olan komandadır, amma getdikcə uçuruma doğru irəliləyirlər. Ortada nə futbol var, nə də aqressivlik. Futbolçuların oyun forması 0-a bərabərdir. Orada da nələrin baş verdiyini bilmirəm. Komandaya əcnəbi məşqçi dəvət ediblər, amma işi bir o qədər gözə çarpmır. "Neftçi" haqqında çox danışmaq olar, problemlərin sayı çoxdur. Orada mən də baş məşqçi olmuşam, uğursuzluqlar yaşanıb. Bu məqamda sırf baş məşqçini də günahlandırmaq olar. İyulun sonlarında komandaya təyinat alan çalışdırıcı əlində olan futbolçulardan maksimum istifadə etmədi. Görünən odur ki, hələ də bunu bacarmayıb.
Yığmamızın kapitanı Emin Mahmudovun "Neftçi"dəki oyununa baxanda istər-istəməz komandada problemlərin olduğu hiss edilir. Baş məşqçi ilə futbolçular arasında narazılıqlar var. Saytlardan oxudum ki, Kenni Sayef də artıq komandadan getmək istəyir. Deyirlər, Adrian Mutu ilə problem yaşayır. Yayda komandaya cəlb edilən futbolçular "Neftçi"ni çempionluğa daşımaq gücündə deyillər. Hətta mükafatçılar sırasına düşsələr belə, avrokubokların təsnifat mərhələlərində onlarla uğur qazanmaq çətin olar.
Çətinliklə qələbə qazanırlar. Transferlərdən, məsələn, Aaron Olanarenin təqdimatı böyük olmuşdu, amma komandaya uyğun futbolçu deyil. Ümumiyyətlə, komandanın gələcək potensialı bu gün görünmür. Qışdan sonra nələrin olacağını bilmirəm. Doğrudur, sistemdə dəyişikliklər edildi. Bildiyim qədərilə, komandanın büdcəsində də artım var. Heyətə yeni futbolçular, əməkdaşlar cəlb edildi. Gedişat transfer məsələlərində səhvlərin edildiyini göstərir. Transfer edilən oyunçular "Neftçi"ni çiyinlərində daşımaq gücünə malik deyillər. Onlar "Neftçi" üçün böyük futbolçular hesab edilməməlidir. Hər halda həmin futbolçuların xidmətlərindən yararlanmaq olardı. Görünür, Mutu bu yükü daşıyacaq gücdə deyil. Yükün altına giribsə belə, onu daşıya bilmədiyini sübut edib.
"Neftçi" tarixi komandadır. Azərbaycan futbolunun bütün gözəllikləri, uğurları onunla bağlıdır. "Neftçi"nin hər uğurlu çıxışı ölkə futboluna yalnız müsbət mənada təkan verə bilər. Onlar xalqın, dövlətin komandasıdır. "Neftçi"nin adını hər bir futbolçu, ora təyinat alan məşqçi dərk etməlidir. Çalışdırıcı hansı komandaya gəldiyini bilməlidir. Hətta futbolçular da klub haqda məlumatlı olmalıdırlar. "Neftçi"yə olan sevgi həddindən çox böyükdür. İndi orada gedən işlər, futbolçuların zəif çıxışı komandada vəziyyətin çətin olduğunu deməyə əsas verir. Görünür, baş məşqçi konkret əzab-əziyyət çəkir, məşqçilər korpusu ilə oyunçular arasında sıx əlaqə, xoş münasibət yoxdur. Hətta futbolçular arasında narazılıqlar müşahidə edilir. Qara Qarayevin, Emin Mahmudovun performansının aşağı olması sırf məşqçi heyətinin günahıdır. Dəyişikliklərə baxmayaraq, bu il "Neftçi"dən gözləniləsi bir şey yoxdur.
Azərbaycan milli komandası və vakant baş məşqçi postu
Azərbaycan yığmasını yerli mütəxəssislər çalışdırmalıdır. Milli komandada milli ruh formalaşdırılmalıdır. Futbolçular qalib dövlətin, millətin komandasının adını daşıyırlar. Oyunçular milli ruhda mübarizə aparmalıdırlar. Bəli, bu gün bizim ölkə çempionatımız hələ yüksək səviyyədə, reytinqdə deyil. "Qarabağ" öz səviyyəsində olan komandaları Avropa Liqasının qrup mərhələsində məğlub edir, amma yüksək səviyyəli rəqiblərlə matçlarda əziyyət çəkir. Eləcə də bizim milli komandamız. Yığmada ürəyi milliylə, dövlətlə döyünən məşqçilər çalışmalıdırlar. Hər dəfə külli miqdarda pul qarşılığında əcnəbi dəvət edilir, təlim-məşq toplanışları keçirilir, mükafatlar təqdim edilir, amma ortada nəticə yoxdur. Nəticənin olub-olmayacağını heç kim deyə bilməz.
Əminəm ki, yerli çalışdırıcı indikindən daha yaxşı işlər görə bilər. Bu, futboldur. Burada məsələ işin necə qurulmasından gedir. Yenə deyirəm: millidə yerli mütəxəssis olmalıdır. Əcnəbilər uğurlu göstəricilərə imza atmadılar. Həmişə bu fikri demişəm: mənə millidə çalışmaq təklif edilsə, canla-başla bu işi icra edərəm. Hətta qalib ruhda komanda formalaşdırmağa çalışaram. Milli komandanın "sükanı arxasında" olan məşqçilər korpusu yalnız bunu düşünməli və futbolçulara zəfər ruhunu aşılamalıdır. Çalışarıq ki, qeydə alınan son nəticələrdən dərs çıxaraq. Niyə də bacarmayaq?! Həm məşqçi, həm də oyunçu kimi ömrümü futbola həsr etmişəm. Uğurlarım da göz qabağındadır. Hər halda millini çalışdırmaq işi mənə həvalə edilsə, uğurlu nəticələr qazanmağa canla-başla hazıram.
Çempionatımızın səviyyəsi qalxanda, bir neçə klubumuz avrokubokların pley-off mərhələsinə qədər irəliləyəndə, klublarımızdan biri Avropa Liqasının, biri Avropa Konfrans Liqasının qrup mərhələsində mübarizə aparanda, akademiyalarımızda güclü futbolçular yetişəndə milliyə əcnəbi məşqçi dəvət etmək olar. Biz əcnəbi məşqçi də gətiririk, bəzi legionerləri də milliləşdiririk, amma heç bir effekt vermir. Artıq bu istiqamətdə siyasəti dəyişmək lazımdır. Yerli akademiyalara üstünlük vermək önəmlidir. Bir dəfə təklif verdim ki, Gənclər və İdman Nazirliyinin tabeliyində akademiyalar üçün qurum yaradılmalıdır. Onlar sırf bu işə nəzarət etməlidirlər. Klublar akademiyalara bir o qədər önəm vermirlər. Buna görə də futbolçuların yetişməsində axsaqlıq var. AFFA ilə nazirlik arasında əlaqə yaradılmalı və formalaşdırılacaq qurum akademiyada yetişən futbolçular, məşqçilərin iş prinsipi, keçirilən oyunlar, perspektivli futbolçular və s. haqda məlumat sahibi olmalıdır.
Klublara gətirilən legioner futbolçular komandalarına daha çox fayda verir, nəinki yığmaya. Buna görə strategiya, sistem dəyişdirilməlidir. Bundan sonra da nəticə olmazsa, əcnəbi mütəxəssislərə müraciət etmək olar. İndiki halda yenə xarici baş məşqçi gətirilsə, yenə də eyni nəticələr qeydə alınacaq. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi - heç birində uğurlu nəticə qeydə alınmadı. Deməli, dəyişikliklərə getmək lazımdır.
RÖVŞƏN