AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ"ı təbrik edib
![AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ"ı təbrik edib](https://mediasport.az/uploads/images/202312/image_750x_657b798d127b7.jpg)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması ilə bağlı AFFA-nın saytına açıqlama verib.
Mediasport.az federasiya rəhbərinin fikirlərini təqdim edir:
“Ardıcıl 10 ildir ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi.
Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək.
“Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram”.