Aş və xaş bişirməyi bacaran Rafiq Hüseynovun bilinməyən tərəfləri

Aş və xaş bişirməyi bacaran Rafiq Hüseynovun bilinməyən tərəfləri

“Əgər işini layiqincə sevməyəcəksənsə, nə qədər istəyirsən səndə ağıl, güc, praktika, texnika olsun, heç biri sənə kömək etməyəcək. Hər bir gördüyün işi sevməlisən”.

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

O, Azərbaycan Güləş Federasiyasına müsahibəsində hobbilərindən danışıb.

35 yaşlı Olimpiya mükafatçısı bildirib ki, yemək bişirməyi çox sevir: “Yemək bişirməyi daha çox xoşlayıram. Dostlarım buna bələddirlər. Daha çox da milli yeməkləri. Demərəm ki, dolma bişirə bilərəm. Bu, incəlik tələb edir. Amma xaş, aş olar, eyni zamanda, kabablar, sac yeməkləri bişirməyi xoşlayıram”.

O, həmçinin ən çox sevdiyi filmlərdən də danışıb: “Ən çox sevdiyim filmlərdən birincisi 1965-ci ildə Reza Çexadzenin çəkdiyi “Əsgər atası”dır. İkincisi 2011-ci ildə çəkilən “Ən yaxşı təklif” filmidir. Triller və dramadır. Çox faciəvi sonluqla bitir. Ona görə xoşuma gəlir. Üçüncü də “Bir gün” filmidir”.

Qeyd edək ki, bir dəfə dünyanın ən güclüsü olan Hüseynov üçqat Avropa çempionudur. O, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.