Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş keçirilib
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Ardınca nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Atıcılıq, boks, cüdo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, batut gimnastikası, tamblinq, taekvondo, şahmat, kikboksinq, uşu, sumo, boccia, milli idman növləri, pankration, MMA, qrapplinq, bodibildinq və fitnes, kunq-fu, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.