Yığmamızın üzvü: "Özümüz də müəyyən nəticələr çıxarmışıq"

 Yığmamızın üzvü: "Özümüz də müəyyən nəticələr çıxarmışıq"

"Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək".

Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının üzvü Nihad İsmayılov deyib.

AVRO-2026-nın əsas mərhələsində İsveç millisi ilə oyuna hazırlıqlar haqqında danışan gənc futzalçı komandada hər kəsin məsuliyyəti dərk etdiyini vurğulayıb:

“Hazırlığımız yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Hər kəs məsuliyyətini anlayır”.

O, İsveçin Yunanıstana qarşı keçirdiyi oyunu da izlədiklərini, rəqiblər haqda artıq müəyyən informasiyaya malik olduqlarını söyləyib:

“Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz oldu.

Ümumiyyətlə, rəqibi məşqçilərimiz təhlil ediblər, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcəklər. Özümüz də müəyyən nəticələr çıxarmışıq.

Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin, oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq”.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - İsveç matçı saat 20:00-da start götürəcək.