"Baş məşqçi böyük fiqurdur, lakin hər şeyi biz həll edəcəyik"
"Əsas bugünkü oyundur, birinci matça yaxşı başlamalıyıq ki, sonra davamını gətirə bilək".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futzal millimizin üzvü Xətai Bağırov deyib.
Bu gün DÇ-2024-ün elit-raundunun seçmə qrup mərhələsi çərçivəsində Rumıniya yığmasının qonağı olacaq komandamızın təcrübəli futzalçısı səfərdən yaxşı nəticə ilə qayıdacaqlarına inandığını deyib:
"Məşqlərimiz, hazırlığımız qaydasında keçib. Komandada ab-hava yaxşıdır. Niderlandla oyun haqda danışmaq hələ tezdir. Əsas məqsədimiz bu gün Rumıniyada yaxşı nəticə əldə etməkdir. Bütün fikirlərimiz, planlarımız və motivasiyamız ancaq bu oyuna aiddir. Sonrasını sonra fikirləşəcəyik".
Bağırov məşqçi amilinin xüsusi rol oynadığını desə də, əsas işin onlardan asılı olduğunu vurğulayıb: "Baş məşqçimiz yenidir, yüksək səviyyəli məşqlər keçir. Əlbəttə, komanda üçün böyük fiqurdur. Lakin hər şeyi biz həll edəcəyik. Hər şey öz əlimizdədir, keçilməyəcək komanda yoxdur".
Qeyd edək ki, Azərbaycan Rumıniya, Niderland və Qazaxıstan yığmaları ilə eyni qrupda mübarizə aparır.
Rumıniya ilə bugünkü matç Bakı vaxtilə saat 19:30-da start götürəcək.