"Qarabağ" güclü rəqiblərlə matçlarda da öz oyununu göstərir"
"Bugünkü görüşü mən özüm də səbirsizliklə gözləyirəm. "Qarabağ"ın belə güclü rəqiblə matçda necə təsir bağışlayacağını görmək çox maraqlı olacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Ağdam klubunun sabiq futbolçusu Bəxtiyar Musayev deyib.
"Atlılar"ın heyətində 38 oyuna 8 qol vrumuş (1996/1998) Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi təmsilçimizin UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Bayer"lə səfər oyunu barədə düşüncələrini bölüşüb.
Veteran futbolçu Almaniya klubunun bu mövsüm çox güclü olduğunu vurğulayıb: "İlk növbədə "Qarabağ"a uğurlar arzu edirəm. Bildiyiniz kimi, hazırda "Bayer" Bundesliqada liderdir. Avroliqanın qrupunda hər iki oyunu da qalib başa vurublar. Təbii ki, onlar qrupun aşkar favoritidirlər. Buna baxmayaraq, "Qarabağ"ın bu dəfə də layiqli mübarizə aparacağına şübhəm yoxdur".
Musayev Azərbaycan çempionunun böyük klublarla, "Top-5" liqası təmsilçiləri ilə başabaş mübarizə apardığını qeyd edib: "Əvvəllər də izləmişik. "Qarabağ" güclü rəqiblərlə qarşılaşmalarda da öz oyununu göstərir. Ötən mövsüm "Frayburq" və "Nant"a qarşı matçlar da yaxşı alınmışdı. Bu dəfə də çətin olacaq. Lakin ümid edirəm ki, komandamız bu dəfə də meydanı başıuca tərk edəcək. Nəticə və xal qazanmaq önəmlidir, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Bizim Premyer Liqa ilə Almaniya Bundesliqasını müqayisə etməyə dəyməz. Ona görə "Qarabağ"ın inamlı çıxışını arzulayıram. İstərdim ki, gözəl futbol nümayiş etdirsin. Neçə illərdir başımızı Avropada uca edən belə bir komandamızın olması çox sevindiricidir".