"Klubun sponsoru olmadığından hazırlıq üçün Bakını seçdik"
Yeni mövsümün hazırlıqlarını Azərbaycanda başa vuran "Kəpəz" ölkə xaricinə yollana bilmədi.
MediaSport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Azər Məmmədov toplanış barədə fikirlərini bölüşüb.
47 yaşlı mütəxəssis xaricdə hazırlıq keçməyi çox istədiklərini deyib:
“Klubun sponsoru olmadığından hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq, məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik. Planımızda beş oyun var idi ki, digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Təəssüf ki, komandalar ölkə xaricində olduqlarından istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq”.
O, Bakı toplanışını tez başa vuraraq, Gəncəyə qayıtmaqlarının səbəbini izah edib: “Bakıda rəqib tapa bilmədiyimiz üçün Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın 2023/2024 mövsümünün ilk turunda avqustun 6-da “Neftçi”ni qəbul edəcək.