İkinci dəfə Avropa çempionu olan yığma komandamız Vətənə qayıdıb
Cəbəllütariqdə keçirilən 16 yaşadək qızlardan ibarət Avropa çempionatının C divizionunun qalibi olan Azərbaycan basketbol millisi Vətənə dönüb.
Mediasport.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
“On aya yaxındır bütün gücümüzlə çalışırdıq” - Bu sözləri milli komandanın baş məşqçisi Evrən Alkaya deyib.
Türkiyəli mütəxəssis komandamızın uğurlu çıxış barədə fikirlərini bölüşüb:
“Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Çox xoşbəxtik. Ümid edirəm ki, bu nəticələr Azərbaycan basketbolunda daha çox olacaq. Bizə dəstək olan Azərbaycan Basketbol Federasiyana və azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan millisi turnirin finalında Kipr seçməsinə 69:52 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən komandamız yarımfinalda Albaniyadan da güclü olub - 92:62.