Çempion sabah bəlli ola bilər
Voleybol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunların vaxtı bəlli olub.
mediasport.az xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti qarşılaşmalar aprelin 18-də keçiriləcək.
Həmin gün ilk olaraq meydana bürünc medal üçün yarışan UNEC və “Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə “Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. “Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.
Daha sonra meydan çempionluq üçün mübarizə aparan “Abşeron” və “Azərreyl” klublarının ixtiyarına veriləcək. Cütün ilk iki final matçı “Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun yetirmələri bu dəfə də qalib gələcəkləri təqdirdə çempion adını qazanacaqlar. Görüş “Abşeron”un qələbə isə yekunlaşarsa, onda əlavə matça ehtiyac duyulacaq.
Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar aprelin 20-nə təyin olunub. Həmin günün ilk matçı “Neftçi” və MOİK arasında baş tutacaq. Əvvəlki görüşlərdə 3:0 və 3:1 hesabları ilə qalib gələn “Neftçi” bu qarşılaşmanı da öz xeyrinə başa vurarsa, bürünc medala sahib çıxacaq, əks təqdirdə mübarizə növbəti oyunla davam edəcək.
Günün digər qarşılaşmasında çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gələcəklər. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan “Murov” yenə qalib gələrsə, qızıl medalı təmin edəcək. “Xarı bülbül” klubu birinci yer uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.