Dünya çempionumuz 36 pillə irəlilədi, "10-luq"da azərbaycanlı yoxdur
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından heç kim ilk "10-luğ"a düşə bilməyib.
Təmsilçilərimizdən ən yaxşı göstəriciyə malik Teymur Rəcəbov 2747 xalla 5 pillə irəliləyərək 11-ci sıraya yüksəlib. 2746 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdə qərarlaşıb. Qədir Hüseynov (2661) 2 pillə irəliləyərək 86-cı yerə qalxıb. 2646 xala malik Rauf Məmmədov 100-cü, Nicat Abbasov 102-cüdür.
Reytinq siyahısına əvvəlki kimi, norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.
Qadınlardan əsas diqqətçəkən nəticə İtaliyanın Sardiniya adasında bugünlərdə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva ilə bağlıdır. O, 2387 xalla 36 pillə irəliləyərək 98-ci pillədən 62-ci sıraya yüksəlib. Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2428) 37-cidir. Xanım Balacayeva (2379) 73-cü, Gülnar Məmmədova isə (2376) 78-ci yerə düşüb.