"Yarıpeşəkar liqada oynamaqda qəbahət heç nə görmürəm"
"Elə 2-ci Liqada da böyük futbol oynanılır. Yarıpeşəkar olduğu üçün burada çıxış etmək təklifini qəbul etdim. Məşqlərimi də orada edirəm. Bizim işimiz futbolu buraxdıqdan sonra yenə məşqlərə davam etməkdir".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Elvin Məmmədov deyib.
Yenidən böyük futbola qayıdaraq 2-ci Liqa klubu ilə anlaşan veteran futbolçu "Cəbrayıl"a keçidini şərh edib:
"Futbola olan sevgimiz bəllidir. Heç kim bunu dana bilməz. Həm yarıpeşəkar olduğu üçün, həm də Cavid Hüseynov "Cəbrayıl"da baş məşqçi olduğu üçün təklifi dəyərləndirdim. O, bildirdi ki, mənə dəstək olmaq lazımdır. Bu o demək deyil ki, mən orada hər görüşdə oynayacam. Əsas məqsəd Cavidə dəstək olmaqdır. Hər ölkədə yarıpeşəkar liqalar var. Bundan istifadə edib, sağlam həyat nöqteyi-nəzərindən də addım atdım".
Premyer Liqada son mövsümü "Şamaxı"da keçirmiş Məmmədov ötən sezon səsləndirdiyi "1-ci liqada oynamaram, futbolu buraxaram" fikrinə də aydınlıq gətirib:
"Həqiqətən 1-ci Liqada çatdırıb işləyə-oynaya bilmərəm. Oranı aşağılamıram, əsla. Sadionlar da bərbad durumdadır. 2-ci Liqaya yalnız dostum Cavidə dəstək olmaq üçün gəldim. Yarıpeşəkar liqada oynamaqda qəbahət heç nə görmürəm".
Eyni zamanda minifutbol üzrə ölkə çempionatında iştirak edən veteran futbolçulardan ibarət debütant "İnter"in heyətində də forma geyinən Elvin burada həftəlik proqrama əsasən meydana çıxdıqlarını bildirib:
"Bilirsiniz ki, Orxan Məmmədovla (Azərbaycan Minifutbol Federasiyasının prezidenti-red.) görüşdük. O da bizə dəstək oldu. Kütləviliyin, futbola marağın artırılması, bizim orada olmağımız və s. kimi məsələlər müzakirə edildi. Minifutbola qədər onsuz da həftədə azı 3 dəfə futbol oynayırdım. Bu, indi belə davam edir. Üstəlik, dostlarla yığışıb oynayırıq. "İnter"də zatən həftəlik proqrama əsasən meydana çıxırıq. Keçmişdə birlikdə oynadığımız futbolçuların yenidən bir yerdə olması, ən azından həftədə bir dəfə toplaşmaq əvvəlki xatirələri yada salır".
UEFA-nın B kateqoriyalı məşqçilik kursuna da qatılan Azərbaycan millisinin eks-yarımmüdafiəçisi hələ öyrənməli çox məsələlərin olduğunu vurğulayıb:
"Futbol oynayanda məşqçilik adama tam fərqli gəlir. Öz adıma deyə bilərəm ki, bu istiqamətdə addım atmışam, amma öyrəniləsi çox şey var. "Səbail"in akademiyasında da uşaqlarla məşq edirik. Həm də bildiklərimi bölüşməyə çalışıram. Hər zaman oxumalı, inkişaf etməliyik ki, qazandığımız bilikləri yeniyetmə futbolçulara çatdıra bilək".
Rövşən ƏLİSOY