"Əvvəldən bilmək olurdu ki, 5 komandadan hansı düşsə, işimiz asan olmayacaq" - Samir Abasov
"Fehervar"la oyuna uduzmaq üçün çıxmayacağıq. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq".
Mediasport.az xəbər verir ki, bunu mətbuat xidmətinə açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Macarıstanın "Fehervar" klubunun kifayət qədər güclü kollektiv olduğunu bildirib:
"Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı düşsə, işimiz asan olmayacaq. Təbii ki, biz də oyuna uduzmaq üçün çıxmayacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisinin macarlarla ilk görüşü iyulun 25-də Sumqayıtda, cavab oyunu avqustun 1-də səfərdə keçiriləcək.