ÖZƏL! Kamran Quliyev dönəmi başa çatdı - Regekampf da göndəriləcək!
Dekabrın 1-də "Neftçi"də köklü islahatlara start verildiyi və Müşahidə Şurası rəhbərliyinin-üzvlərinin yenilənməsindən məlumatlısız.
Toplantıda klubun prezidenti Kamran Quliyev və baş məşqçi Laurentsiu Regekampf da iştirak edib. Klubun yaydığı məlumatda bildirilmişdi ki, iclasda son 5 ildə görülən işlərlə bağlı hesabat dinlənilib, növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastruktur layihələri, media və marketin sahəsində görüləcək işlər müzakirə edilib.
"Neftçi"də yeniliklər davam edəcək. Bu barədə mediasport.az saytına maraqlı məlumat daxil olub. Aldığımız informasiyaya görə, klubun son illərdəki fəaliyyəti birmənalı şəkildə fiasko kimi qiymətləndirilib. Komandanın son illərdəki durumundan tam narazı qalan SOCAR rəhbəri Rövşən Nəcəfin sədrliyi ilə Müşahidə Şurası qısa zaman kəsiyində Kamran Quliyev və baş məşqçi Laurentsiu Regekampf barəsində qərar verəcək. Yeni rəhbərlik AFFA-dan uzaqlaşıb Parisə köçən keçmiş baş katib və icraçı vitse-prezident Elxan Məmmədovun uğursuz kadrını mövsümün sonuna qədər yola salmağa hazırlaşır.
Quliyevdən savayı, seleksiya işinə cavabdeh baş menecer Zaur Əzizov və rumıniyalı baş məşqçinin klubdan uzaqlaşdırılması əsas müzakirə mövzusudur. Rəhbərlik əsas çalışır ki, "Neftçi" ilə müqaviləsi 2024-cü ilə qədər olan Regekampfa yüksək təzminat ödəməmək üçün qarşılıqlı razılaşmaya getsin. Çalışdırıcının özünün də vətəninə qayıtmaqda maraqlı olması və keçmiş klubu "Styaua" rəhbərliyi ilə tez-tez əlaqə saxlaması onun Azərbaycandan gedişini daha tezləşdirə bilər.