Qapıçı həlak oldu, məşqçi və futbolçu xilas edildi, milli komandanın üzvü və 20-dən çox idmançı axtarılır

Qapıçı həlak oldu, məşqçi və futbolçu xilas edildi, milli komandanın üzvü və 20-dən çox idmançı axtarılır

Türkiyədə 7.4 bal gücündə baş vermiş dəhşətli zəlzələ bu ölkədəki idmançılardan da yan keçməyib..

mediasport.az xəbər verir ki, zəlzələ nəticəsində Türkiyə I Liqasında mübarizə aparan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.

Dağıntılar altında qalan 28 yaşlı "əlcək sahibi"nin həyat yoldaşı xilas edilsə də, futbolçunun cansız nəşi tapılıb.

Zəlzələdən ən çox ziyan görən komandalardan biri Superliqa təmsilçisi “Hatayspor”dur.

Hatay bölgəsini təmsil edən klubun idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıb. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər. “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz isə dağıntılar altından çıxarılaraq xilas edilib.

Komandanın baş məşqçisi, türkiyə millisinin keçmiş qapıçısı Volkan Dəmirəl sosial şəbəkə hesabında video paylaşaraq, ağlaya-ağlaya insanlardan yardım istəyib.

Bundan əlavə, Hatayın voleybol komandasının 14, "Malatya Büyükşehir Belediyespor"un isə 6 üzvü dağıntılar altında qalıb

Türkiyənin məşhur güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin dağıntılar altında qaldığını bildirib. 

Fövqəladə Halların İdarəolunması Agentliyindən verilən məlumata əsasən, həmin ərazidə xilasedicilər onları dağıntılar altından çıxarmaq üçün işlər aparır. 

Son məlumata görə, həlak olanların sayı 912 nəfərə çatıb, 5400-dən çox insan yaralanıb.