"1-ci Liqaya yüksəlməyə doğru irəliləyirik" - Veteran futbolçu

"1-ci Liqaya yüksəlməyə doğru irəliləyirik" - Veteran futbolçu

"Hələlik 2-ci Liqada liderik. Şükürlər olsun, 8 oyunun hamısında qələbə qazanmışıq. Çempionatda yaxşı irəliləyirik. Hədəfimiz birincilikdir. İşlərimiz qaydasında gedir".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 2-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli yarımmüdafiəçi cari mövsüm Qusar təmsilçisinin cızdığı uğurlu trayektoriyadan danışıb:

"Qələbə seriyasının qazanılmasında həm rəhbərliyin, həm baş məşqçinin, həm də futbolçuların rolu var. Ona görə də kimisə ayrıca fərqləndirmək düzgün olmaz. Biz bir komandayıq. Burada qazanılan uğur rəhbərlikdən tutmuş məşqçiyə qədər hər kəsə məxsusdur. Allah göstərməsin, məğlub olanda da hər kəs günahkar olur. "Şahdağ Qusar"da hər kəsin əməyi var".

34 yaşlı futbolçu komandasının bəzi statistik göstəricilərindən söz açıb:

"29 qol vurmuşuq, qapımızdan 3 top buraxmışıq. Bu, həm hücumçular, həm müdafiəçilər, həm də qapıçı üçün yaxşı statistikadır. Bundan sonra qol buraxmamağa çalışacağıq. Hədəfimizə - 1-ci Liqaya yüksəlməyə doğru irəliləyirik. İnşallah, əlimizdən gələni edəcəyik ki, mövsümü ilk pillədə bitirək".

Rahid Əmirquliyev Azərbaycan Kubokunun "Şahdağ Qusar" - "Araz-Naxçıvan" (0:4) matçını da dəyərləndirib:

"Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a məğlub olduq. Bu, normal haldır. Onlar Premyer Liqa təmsilçisidir, çempionluğa oynayırlar. Bu mövsüm də çox yaxşı çıxış edirlər. Bizim qələbə qazanmaq şansımız çox az idi. Rəqibimiz açıq-aşkar favorit idi, güclü komandadır. Premyer Liqa komandasına gücümüz çatmaz. Burada futbolçuların səviyyəsi məsələsi var. Elita təmsilçisinə uduzmağı normal qarşıladıq. Bizim müəyyən yolumuz var. Onu davam etdirməyə çalışacağıq".

Rövşən ƏLİSOY