"Höccətin yerinə Amin, Abbas, yaxud Bəhlul oynamalıdır" - AÇIQLAMA

"Höccətin yerinə Amin, Abbas, yaxud Bəhlul oynamalıdır" - AÇIQLAMA

"Milli komandada Höccət Haqverdinin yerinə daha yaxşı formada olan və yığmamız üçün, perspektiv üçün önəmli futbolçuya çevrilə biləcək Amin Seydiyev oynaya bilər(di). Yaxud “Qarabağ”ın heyətində oyundan-oyuna “artıran” Bəhlul Mustafazadəyə yığmada daha çox şans verilməlidir".

Bu sözləri mediasport.az saytına açıqlamasında futbol meneceri Səbuhi Səfiyarlı deyib. Tanınmış futbol adamı yığmamızın keçirdiyi yoldaşlıq görüşü haqqında fikirlərini bildirib.

Səfiyarlı deyib ki, əsas millidə potensialı olan yerli gənclərə şans vermək lazımdır:

- Yığma üzvlərinin hazırda nəyə qadir olduqlarını görmək üçün çempionatda fasilənin yaranması yerinə düşdü. Düzdür, millinin rəsmi oyunlarına hələ çox qalıb. Lakin hesab edirəm ki, seçmə mərhələ oyunlarına qədər daha yaxşı hazırlaşmaq, formada olmaq üçün Moldova üzərində qələbə futbolçulara əlavə motivasiya, ruh yüksəkliyi verə bilər. Komanda daha çox topla oynamaq, kombinasiyalı hücumlar qurmaq və heyətdə, belə desək, “Qarabağ”ın futbolçularının üstünlük təşkil etməsindən dolayı, bu klubun oyun üslubunun elementlərini tətbiq etməyə çalışırdı. Deyərdim ki, pis də alınmadı. Biz də illərdi məhz bunu deyiri ki, “Qarabağ” heyətindəki yerli futbolçularla avrokuboklarda belə oyun göstərə bilirsə, bu sistemi milli komandada da qurmaq olar. Moldovalılarla oyunu AÇ-2024-ün qrupundakı rəqiblərimizdən Estoniya ilə matç kimi də dəyərləndirmək olar. Digər rəqiblərimiz daha güclüdürlər. Əgər qrupda Estoniya ilə səfərdə belə çıxış edə bilsək, deməli, təlim-məşq toplanışlarının nəticəsini görmüş olacağıq. Estonlara qarşı da ən azı belə oynamalıdırlar. Arzuedilməz nəticə olsa, baş məşqçi heç nəyi bəhanə gətirə bilməz.

Seçmə mərhələdə də bu cür oynamaq, azı buna çalışmaq lazımdır. Sadəcə, bəzi mövqelərə seçimi düzgün etmək vacibdir. Misal, Höccət Haqverdinin yerinə daha yaxşı formada olan və millimizin gələcəyi üçün önəmli futbolçuya çevrilə biləcək Amin Seydiyev oynaya bilər(di). Yaxud “Qarabağ”ın heyətində oyundan-oyuna “artıran” Bəhlul Mustafazadəyə yığmada daha çox şans verilməlidir. Höccət bir müddət Bəhlulun yolunu kəsdi, indi də digərlərinin...Amma o, “Qarabağ”dakı çıxışları ilə sübut edir ki, şans verilsə, milli komandada oynamağa layiqdir. Eyni nümunəni Abbas Hüseynova da aid etmək olar. Höccətdənsə bu futbolçular oynamalıdırlar. Bu futbolçuları oynatmaq, onlara daha çox güvənmək millimizin gələcəyi üçün çöx önəmlidir.