"Qarabağ"ın Juninyosu: "Qol vurmağım mənimçün başlanğıcdır"

"Qarabağ"ın Juninyosu: "Qol vurmağım mənimçün başlanğıcdır"

“Qarabağ”ın hücumçusu Juninyo Vieyra mediasport.az saytına müsahibə verib.

"Helsinki" ilə qarşılaşmada Ağdam klubunda qol hesabını açmaqla qələbə topunu vuran 26 yaşlı forvard çətin səfər öncəsi suallarımızı cavablandırıb.

Əvvəlcə "Helsinki" ilə oyun haqda fikirlərin maraqlıdır.

- Çətin oyun oldu. Əvvəldən belə olacağını gözləyirdik. Oyunun bəzi məqamlarında qırılmalar olurdu. Təşəbbüs bizdə olurdu, gah da üstünlüyümüzü əldən verirdik. Amma ümumi götürsək, matç bizim nəzarətimiz altında keçdi. Sevinirəm ki, qələbə qazandıq. Artıq cavab görüşünə hazırlaşacağıq.

Oyuna daxil olub həlledici qolu vurdun. Üstəlik, “Qarabağ”ın heyətində qol hesabını da açdın. Təəssüratların necədir?

- Təbii ki, çox sevincliyəm. Həqiqətən çox vacib qol oldu. “Qarabağ”a bu görüşdə qələbə gətirən qol idi. Amma əsas olan komandamın qələbə qazanmasıdır. Düşünürəm ki, qol vurmağım mənimçün başlanğıcdır. İlk qolumu vurdum və ümidvaram ki, davamı gələcək.

Azarkeşlərin səndən gözləntiləri çoxdur, sənə qol ümidi kimi baxırlar. Gözlənilən effekti vermək üçün nə qədər vaxta ehtiyacın var?

- Əslində hər şeydən öncə komandanın qalib gəlməsini düşünürəm. "Qarabağ" qələbə qazanırsa, mən də qaliblər arasında oluram. Qola qalanda isə, bu, təbii olaraq gələcək. Ümid edirəm ki, azarkeşlərə daha çox qol sevinci bəxş edəcəm. Ancaq təkrar edim ki, əsas “Qarabağ”ın qələbəsidir.

Artıq bir müddətdir ki, “Qarabağ”dasan. Oynamaq üçün özünü neçə faiz hazır hesab edirsən, yoxsa gücün hələlik meydana əvəzetmədən daxil olmağa yetir?

- Gün keçdikcə özümü daha yaxşı hiss edirəm. Düzdür, həm komandaya gec qoşuldum, həm də mövsümün əvvəlində bəzi xırda zədəyə görə bir az qrupdan kənarda qaldım. Amma ümumi götürsək, gün keçdikcə özümü daha yaxşı hiss edirəm. Nə vaxt baş məşqçi məni 90 dəqiqə oynamağa uyğun görsə, əlimdən gələni etməyə çalışacam.

“Helsinki”nin Bakıdakı oyunundan da ehtimal etmək olar ki, “Qarabağ”ı Finlandiyada çətin görüş gözləyir. İlk matçdakı qələbəni mərhələ keçməyin neçə faizi saymaq olar?

- Yenə də, şanslar 50/50-dir. Çünki hələ ki, bu cütdə duellərimizin ilk hissəsi oynanılıb. İkinci yarı Finlandiyada olacaq. Bilirik ki, orada da asan olmayacaq. Bakıda ilk addımı atmış olduq. Ümid edək ki, növbəti addımımız da uğurlu alınacaq.


Elvin