DEPUTAT: "Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda"
Millət Vəkili Fazil Mustafa AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya millisi ilə Bakıda heç-heçə oynayan Azərbaycan futbolçularını tənqid edib.
MediaSport.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında yığmamızı ruhsuz, iradəsiz adlandırıb.
F.Mustafa, eyni zamanda, Türkiyə millisini də tənqid edərək futbolçuların müştəbeh, komandanın məyusedici olduğunu vurğulayıb.
- Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi. Şükür, heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydançada oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da, tamaşaçı fədakarlığını alqışlayacaq. De Byazinin boynuna atmağa çalışmayın. Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər, "ay-ulduzlular" Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heçəyə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır.