Mahir Emreli kapitanı zədələdi, onun əvəzinə qapıçı Livakoviç oynadı
Zaqreb "Dinamo"sunun məşqində maraqlı vəziyyət yaşanıb.
mediasport.az xəbər verir ki, ikitərəfli oyun zamanı millimizin hücumçusu Mahir Emreli Xorvatiya klubunun kapitanı Ariyan Ademini zədələyib.
Rovindəki təlim-məşq toplanışında “ağlar”ın heyətində yer alan Emreli toqquşmada Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.
Baş məşqçi Ante Çaçiç oyunçu sayını düzəltmək üçün üçüncü qapıçı İvan Nevistiçi mübarizəyə qoşub, əsas qolkiper Dominik Livakoviç isə yarımmüdafiə xəttinə keçib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
“Dinamo” toplanış çərçivəsində yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə, 17-də isə Zaqrebdə “Bravo” ilə yoxlama görüşü keçirəcək.