"İdmanımızda yeni tarix yazıldı"
"Nəhayət, dünya idman aləminin 4 il gözlədiyi XXXIII Yay Olimpiya Oyunları start götürdü. Dördillikdə ölkəmizi təmsil etmək hüququ qazanan 48 idmançımız Parisdə 15 idman növündə 17 proqram üzrə yarışır. Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı".
Mediasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.
İdmançılarımızın Paris-2024-dəki çıxışına toxunan nazir cüdoçuların dünya və olimpiya çempionu olmalarını da böyük nailiyyət adlandırıb:
"Əsas məqsədi iştirak olan olimpiadada hər ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Hidayətin və Zelimin son 2 ay ərzində dünya və olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Daha bir uğur Olimpiya Oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.