"Qarabağ"ın uğurlu seriyasına son qoya bilərik" - Lukaş Zvolinski
Bu axşam UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Rakuv"un hücumçusu Lukaş Zvolinski Azərbaycan çempionu ilə keçirəcəkləri 2 oyunla bağlı fikirlərini bölüşüb.
MediaSport.az xəbər verir ki, 30 yaşlı forvard komandasının qruplara qalmaq uğrunda sonadək mübarizə aparacağını deyib.
Təcrübəli futbolçu Ağdam klubunun uğurlu seriyasına son verməyə çalışacaqlarını qeyd edib: "Komandamız "Qarabağ"ın qələbə seriyasına son qoya biləcək gücdədidr. Əvvəlki illərdə baş verənlər keçmişdə qalıb. Səbirsizliklə oyunu gözləyirik və meydana qələbə üçün çıxacağıq. Evdə, yoxsa səfərdə daha asan olacağı haqda özümə sual vermirəm. Hakimin start fiti ilə həm biz, həm də “Qarabağ” oyuna 0:0 hesabı ilə başlayacaq".
Zvolinski Qurban Qurbanovun komandasının tələbkar, nizam-intizamlı olduğundan ehtiyat etdiyini gizlətməyib: "Ciddi rəqibə qarşı oynayacağıq, ehtiyatı əldən verməməklə, əsas məqsədimiz maksimum irəliləməkdir.“Qarabağ” üzərində qələbə qazanacağımız halda Konfrans Liqasının qrup mərhələsini təmin etməyi düşünürəmmi? Qətiyyən! Biz Çempionlar Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq. Bu turnirdə mümkün qədər uzun müddət oynamaq, yeni tarix yazmaq, Polşanı beynəlxalq arenada layiqincə təmsil etmək istəyirik".
Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.