Maks Ferstappen əfsanəvi Şumaxerlə Fetteli geridə qoydu
Formula 1 üzrə Niderlandın “Red Bull” komandasının pilotu Maks Ferstappen Dünya çempionatının 20-ci mərhələsi - Meksika Qran-prisinin qalibi adını qazanıb.
mediasport.az xəbər verir ki, yarış Rodriges qardaşları adına avtodromda keçirilib.
İkinci yeri “Mersedes” komandasının britaniyalı pilotu Lüis Həmilton tutub. Meksikalı “Red Bull” pilotu Serxio Peres üçüncü olub.
Avstraliyalı Daniel Rikkardo (“Maklaren”) ilə toqquşduqdan sonra yapon pilot Yuki Tsunoda (“Alfa Tauri”) yarışı vaxtından əvvəl başa vurub. İspan Fernando Alonso (“Alpin”) da avtomobildəki texniki nasazlıq səbəbindən finişə çata bilməyib.
Ferstappen bu mövsüm 14-cü qələbəsini rəsmiləşdirib. Niderlandlı pilot bir mövsümdə birinci yerlərin sayına görə əfsanəvi alman Mixael Şumaxer və onun həmyerlisi Sebastyan Fettelin nailiyyətini geridə qoyaraq “Formula 1” rekorduna imza atıb.