"Formula 1" üzrə Azərbaycan Qran-Prisi üçün bilet satışı davam edir
Aprelin 28-30-da Bakının ev sahibliyi edəcəyi "Formula 1" üzrə Azərbaycan Qran-Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı davam edir.
mediasport.az xəbər verir ki, “Sahil” tribunasına yerlər tamamilə tutulmaqla, qalan tribuna biletlərinin 50 faizindən çoxu satılıb.
Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ və Meksika daxildir. Bilet alışına görə ilk üçlükdə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.
Qran-pri həvəskarları “İçərişəhər”, “Azneft”, “Muğam”, “Qız qalası”, “Xəzər” və “Bulvar” tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, “Abşeron” tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları qalır.