MOK və Kino Agentliyi əməkdaşlıq memorandumu imzaladı

 MOK və Kino Agentliyi əməkdaşlıq memorandumu imzaladı

Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mediasport.az xəbər verir ki, memorandum iki qurum arasında Azərbaycan idmanı və bu sahədə əldə olunan nailiyyətlərin kino vasitəsilə birgə təbliğini nəzərdə tutur.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını bildirib.

Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini qeyd edib.

Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. O, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Sonra Çingiz Hüseynzadə və Orxan Sadıqov əməkdaşlıq memorandumunu imzalayıblar.

Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsini təmin etmək, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prinsiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək kimi mühüm vəzifələri özündə birləşdirir.