"Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir"
"Juninyo məsələsi konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis "Kəpəz"lə yoxlama matçından sonra jurnalistlərin braziliyalı hücumçunun transferi ilə bağlı suallarını cavablandırıb:
"Bəlkə bizim üçün “Sevilya” daha maraqlı olardı. Avropadır, bizə bəlkə daha yaxındır. Köklü klubdur. Amma oyunçunun özünün də istəyi vacibdir. Əvvəl "Sevilya" ilə demək olar ki, razılıq əldə edilmişdi. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı.
Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir.
İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".
O, komandanın tam heyətlə məşq etmədiyini vurğulayıb:
"Bədavi Hüseynovun zədəsi davam edir. Abdullah Zubirin qızdırması var idi, məşqlərə qoşulmurdu. Yassin Benzia isə ölkəsindən geri qayıtmayıb. Çünki anasının vəziyyəti yaxşı deyil. Məncə, yanvarın sonuna qədər hər şey qaydasına düşəcək".
Q.Qurbanov komandanın gücləndirilməsi üçün transferlərin olub-olmayacağı ilə bağlı suala belə cavab verib:
"Transfer etməyi çox istəyirik. İşimizin daha çox hissəsini yeni oyunçulara ayırmışıq. Lakin hələ ki, alınması real görünmür. Son günlərin danışıqlarına görə belə deyirəm. Hələ vaxtımız var. Çalışacağıq, nəsə edək".