"Neftçi" "Fənərbağça", "Zenit" və "Spartak"a qarşı - DƏQİQLƏŞDİ
“Neftçi” futbol klubunun yeni mövsümə hazırlıq planı müəyyənləşib.
Klubdan mediasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın təlim-məşq toplanışının fiziki hazırlığa həsr olunacaq birinci mərhələsi iyunun 21-dən 28-nə qədər Bakıda keçiriləcək.
İkinci mərhələ iyunun 29-dan iyulun 19-dək Rusiyada reallaşacaq. Komanda iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. “Neftçi” turnir çərçivəsində iyulun 1-i Bakı vaxtı ilə saat 20:30-da Rusiyanın “Zenit”, 8-i saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş isə “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.