"Neftçi"nin yeni transferi: "Beşiktaş”ı təəccübləndirə bilərik" - MÜSAHİBƏ
“Neftçi”nin müdafiəçisi Mark Tamaş Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Jelezçinar”la (2:0) cavab matçından sonra mediasport.az saytına müsahibə verib.
- Evdə oynamaq xoşdur. İlk anlardan bir qədər ehtiyatlı oynayırdıq. Ancaq azarkeşlərimiz qarşısında qələbə qazanmaq niyyətində idik. Bu gün qalib gəlmək olduqca vacib idi.
Belə gözəl atmosferdə oynamaq necə hissdir?
- Bu mənzərəni görmək xoşdur. Çox xoşbəxtəm ki, oyunumuzu izləməyə bu qədər insan gəlib. Baxmayaraq ki, bizim fan-klub bir qədər çılğındır, amma mən bunu xoşlayıram. Bu stadionda doğma meydanda ilk oyunumu keçirdim. Bu, mənimçün çox önəmlidir. Qələbə qazanmaq istəyirdik, buna da nail olduq.
Komandaya yeni gələn futbolçulardansan və aydındır ki, mövsümün əvvəlində ideal formada olmaq mümkün deyil. Qarşıda daha yaxşı Tamaş görə biləcəyik?
- Addım-addım yeni komandaya öyrəşməyə çalışıram. Yeni üslubda oynamağa başlayırıq. Hər kəsin adaptasiyaya ehtiyacı var. Hər oyun daha da yaxşı olacağıq. Qarşıda "Neftçi"ni yeni üslubda görəcəyik.
Konfrans Liqasının növbəti mərhələsində "Beşiktaş" kimi rəqiblə qarşılaşacaqsız, bu oyun barədə nə düşünürsüz?
- Futbolda hər zaman belə halla rastlaşmaq mümkündür. “Beşiktaş” güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Bu, futboldur. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər.
Artıq Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür və ilk turda Gəncədə oynayacaqsınız. Rəqib komanda "Kəpəz", təmsil etdiyi Gəncə barədə məlumatınız var?
- Sabahdan (dünən-red.) həmin oyuna hazırlaşmağa başlayacağıq. Bu, bizim üslubumuzdur. Hər şeyi addım-addım edirik. Həmin oyuna da köklənib qələbə qazanmağa çalışacağıq.
Elvin