Olimpiya çempionu Hidayət Heydərov ilk azərbaycanlı oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında çempion olmaqla tarixi nailiyyətə imza atıb.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib tanımayan idmançımız Elnur Məmmədlinin Pekin-2008-dəki çempionluğundan 16 il sonra Azərbaycana Olimpiya qızılı qazandırdı.
Hidayət bu uğurla həm adını Azərbaycan tarixinə bir ildə üç böyük turnirin qalibi olan ilk idmançı kimi yazdırdı, həm də cüdo idman növü üzrə karyerası ərzində hər üç titula sahib çıxan ilk azərbaycanlı oldu.
Xatırladaq ki, dünən Fransada Azərbaycan himninin səsləndirilməsinə səbəb olan 27 yaşlı Heydərov 2024-cü ildə məhz Fransada (Monpelye) Avropa çempionu və Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) dünya çempionu adına sahib çıxıb.